Qırmızı dənizin Sudan sahilləri yaxınlığında 1977-ci ildə qəzaya uğrayan gəmidəki təxminən 190 Toyota avtomobili yarım əsrə yaxındır suyun altında qalıb. Onların arasında vaxtilə məşhur olan pikaplar və sedanlar da var.
HİT.az xəbər verir ki, bu barədə “SlashGear” nəşri məlumat yayıb.
Söhbət 1977-ci ildə Şaab-Suedi rifinə çırpılaraq batan “Blue Belt” gəmisindən gedir. Gəmi təxminən 190 ədəd Toyota markalı avtomobil daşıyırmış. Qəza nəticəsində nəqliyyat vasitələrinin hamısı dənizin dibində qalıb və indiyədək onların sudan çıxarılması barədə hər hansı məlumat yoxdur.
Batmış avtomobillər arasında “Toyota Hilux” pikapları, “Corona” sedanları və daha lüks “Crown” modelləri də olub. Bir müddət gəminin qalıqları dalğıcların maraq göstərdiyi məkanlardan birinə çevrilib. Hətta avtomobillərin arasında üzən nəhəng manta skatlarını müşahidə etmək mümkün olub.
Lakin zaman keçdikcə əraziyə dalışlar təhlükəli xarakter alıb. Misirin “Sea Wolf Safari” dalğıc şirkətinin məlumatına görə, 2013-cü ildən etibarən gəminin qalıqlarına enmək riskli hesab olunmağa başlayıb. Buna səbəb gəminin rifdən sürüşərək daha təhlükəli vəziyyətə düşməsi olub. Bundan əlavə, Sudandakı təhlükəsizlik vəziyyəti də turistlərin bölgəyə səfərini çətinləşdirib.
Mütəxəssislərin fikrincə, avtomobillərin yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi artıq demək olar ki, mümkünsüzdür. Təxminən 50 il ərzində duzlu suyun və dəniz canlılarının təsirinə məruz qalan maşınların ciddi korroziyaya uğradığı bildirilir.
Nəşr qeyd edir ki, batan avtomobillər arasında bərpa edilə biləcək klassik yapon modellərinin qalması ehtimalı olduqca aşağıdır.
Qeyd edək ki, dəniz dibində qalan avtomobillər bununla məhdudlaşmır. 1912-ci ildə batan “Titanik” gəmisinin göyərtəsində də Fransanın “Renault Type CB Coupé de Ville” avtomobili olub. Sakit okeanın İkinci Dünya müharibəsi dövründə döyüş meydanı olmuş ərazilərində isə hərbi texnikanın qalıqları hələ də suyun altındadır.
Samir


