Kələm dolması hazırlamağın asan üsulu: Yarpaqları qaynatmadan yumşaltmağın yolu

MARAQLI
13:43 / 10.11.2026
36

Kələm dolması hazırlayarkən yarpaqları yumşaltmaq üçün mütləq qaynar sudan istifadə etmək lazım deyil. Bunun daha sadə üsulu var: kələmi əvvəlcədən dondurucuya qoymaq. Bir neçə gün dondurulub sonra tam əridilən kələm yarpaqları yumşaq və elastik olur, içliyi bükmək üçün əlverişli vəziyyətə gəlir.

HİT.az xəbər verir ki, bu üsul barədə Ukraynanın UNIAN nəşri yazıb.

Ənənəvi qaydada kələm başı böyük qazanda qaynadılır, yarpaqlar bir-bir ayrılır və bu zaman əllərin isti su və buxardan yanması riski yaranır. Dondurma üsulunda isə bütün bu proseslərə ehtiyac qalmır. Sadəcə hazırlığa bir neçə gün əvvəldən başlamaq kifayətdir.

Bunun üçün zədələnməmiş, sıx və sağlam kələm başı seçilir. Kələmi bütöv şəkildə, saplağını kəsmədən dondurucuya yerləşdirmək və 3-4 gün saxlamaq lazımdır. Əvvəlcədən yarpaqları ayırmağa və ya kələmi qaynar suda pörtlətməyə ehtiyac yoxdur.

Daha sonra kələm dondurucudan çıxarılaraq soyuducuda əriməyə qoyulur. Bu mərhələdə tələsməmək vacibdir. Çünki kələm əridikcə xeyli su buraxır və yarpaqların tam yumşalması üçün vaxt tələb olunur. Kələmin ortası da tam ərimədən yarpaqları ayırmaq məsləhət görülmür. Əks halda onlar asanlıqla qırıla bilər.

Bu üsulun işləməsinin səbəbi isə bitki hüceyrələrindəki suyun donarkən həcminin artması və yarpaq toxumasının strukturunu zəiflətməsidir. Kələm əridikdən sonra yarpaqlar əvvəlki sərtliyini itirir, yumşaq və elastik olur.

Əridilmiş kələmi necə hazırlamaq lazımdır?

Kələm tam əridikdən sonra yarpaqları ehtiyatla bir-birindən ayırmaq lazımdır. Daha sonra saplaq kəsilir, iri yarpaqların orta damarının sərt hissəsi isə bıçaqla nazildilir. Bundan sonra yarpaqlar ət, düyü, tərəvəz və ya digər içlikləri bükmək üçün hazır olur.

Mənbədə bildirilir ki, bu üsulla hazırlanan yarpaqlar içliyi rahat saxlayır və dolmaların səliqəli formaya salınmasını asanlaşdırır. Bişirmə zamanı sous və ya bulyonun təsiri ilə onlar daha da yumşalır.

Məsələn, şənbə günü dolma hazırlamaq istəyənlər kələmi ən gec çərşənbə günü dondurucuya qoya bilərlər. Üç gündən sonra onu soyuducuya keçirib gecəboyu və ya bir gün ərzində tam əriməsini gözləmək kifayətdir.

Beləliklə, kələmi qaynatmaq, isti yarpaqları ayırmaq və buxarla mübarizə aparmaq lazım gəlmir. Sadəcə əvvəlcədən planlaşdırmaqla dolma üçün uyğun yarpaqlar əldə etmək mümkündür.

Samir
 

0