Goranboyda ağır qəza: 2 nəfər öldü

HADİSƏ
16:33 / 08.06.2026
49

Goranboy rayonunun Səmədabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən HİT.az-a verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə avtomobillərdə insanların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində aparılan qiymətləndirmə zamanı “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşduğu müəyyən edilib. Qəza nəticəsində bir neçə nəfər deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi avadanlıqlardan istifadə etməklə müxtəlif dərəcəli bədən xəsarətləri alan 1942-ci il təvəllüdlü Gülnarə Hüseynovanı və 1991-ci il təvəllüdlü Çinarə Əsgərovanı avtomobillərdən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Həmçinin xilasedicilər 1969-cu il təvəllüdlü Rza Qasımovun və 1940-cı il təvəllüdlü Şahbaz Qarayevin meyitlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

0