“H.M GOLD” mağazasından 8 min manatlıq qızıl oğurluğu

HADİSƏ
22:34 / 09.06.2026
44

Bakı şəhərində yerləşən “H.M GOLD” qızıl-zinət əşyalarının alış-satışı mağazasından xeyli miqdarda qızıl məmulatlarının oğurlanması faktına dair cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Hit.az xəbər verir ki, ittihama görə, N.İ. qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı F.N. ilə birlikdə özgənin əmlakını gizli yolla talamaq məqsədilə mağazanın fəaliyyət göstərdiyi vaxtda oraya yaxınlaşıb.

Təqsirləndirilən şəxslər mağazanın qarşısında müşahidə apararaq içəridə kənar şəxslərin olmadığını müəyyən etdikdən sonra cinayət əlaqəsinə giriblər. Əvvəlcədən razılaşdırılmış plan üzrə F.N. mağazaya daxil olaraq vitrində olan qızıl-zinət əşyalarını götürüb, N.İ. isə isə kənarda gözləyərək ətrafı müşahidə edib.

Nəticədə mağazaya məxsus ümumilikdə 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs N.İ. özünü təqsirli bilib və ifadəsində tanışı ilə birlikdə əvvəlcədən borcları olduğu üçün oğurluq etmək qərarına gəldiklərini bildirib. O, hadisədən sonra əldə olunan qızılların bir hissəsinin satıldığını, pulun bölüşdürüldüyünü və müxtəlif şəxsi xərclərə sərf edildiyini etiraf edib.

Zərərçəkmiş şəxsin ifadəsinə və iş materiallarına əsasən, oğurlanan qızıl-zinət əşyalarının mağazadan gizli şəkildə götürüldüyü və nəticədə maddi ziyanın yarandığı təsdiqlənib.

Toplanmış sübutlar əsasında məhkəmə N.İ. Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilib.

Hökmə əsasən, ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs tutulduğu müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11  ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

F.N-ya gəlincə, o, cinayət ortağından əvvəl mühakimə olunub. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanılıdığı 4 ay, 17 gün müddət 1 günə 2 gün hesabı təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il, 2 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Abbas 

0