Mina təhlükəsi can almaqda davam edir...

HADİSƏ
10:58 / 10.06.2026
109

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından birinin mina təhlükəsi olduğunu vurğulayıb. 

O diqqətə çatdırıb ki, aktiv hərbi əməliyyatların başa çatmasından uzun müddət keçməsinə baxmayaraq, minalar hələ də insan həyatına son qoymaqda davam edir. Rəsmi statistikaya əsasən, 2020-ci il noyabrın 10-dan etibarən Azərbaycanda baş verən mina partlayışları nəticəsində 427 nəfər mina qurbanı qeydə alınıb; onlardan 73 nəfəri həlak olub, 354 nəfəri isə yaralanıb. Zərərçəkənlərin 231 nəfərini mülki şəxslər təşkil edir. H.Hacıyev qeyd edib ki, mina təmizlənməsi prosesi sadəcə bir təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət və regionda dayanıqlı yenidənqurma ilə inkişafın təmin olunması üçün əsas şərtdir.

Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında deyib ki, minalar ən təhlükəli gizli təhdidlərdən biridir və onların nə vaxt insan həyatı üçün təhlükə yaradacağını əvvəlcədən müəyyən etmək mümkün deyil: 

401467

“Nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqları 30 il işğal altında qalıb və bu müddətdə müxtəlif ərazilərə çoxlu sayda mina basdırılıb. Həmin minaların əksəriyyətinin dəqiq xəritələri ya mövcud deyil, ya da qarşı tərəf tərəfindən təqdim olunmur. Vaxtilə verilən mina xəritələrinin isə böyük hissəsinin etibarsız olduğu ortaya çıxıb.

Bu baxımdan, gələcək mərhələlərdə Ermənistanın mina probleminin həlli istiqamətində daha konstruktiv mövqe nümayiş etdirməsi vacibdir. Söhbət onların birbaşa mina təmizləmə işlərində iştirakından getmir. Lakin vaxtilə minaların yerləşdirilməsi ilə məşğul olmuş qurumların əlində olan məlumatlar toplanmalı və Azərbaycan tərəfinə təqdim edilməlidir”.

Həmsöhbətimiz söyləyib ki, vətəndaşlar da təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər:

“Xəbərdarlıq nişanları və qadağan olunmuş ərazilərlə bağlı təlimatlar nəzərə alınmalı, riskli zonalara daxil olmaqdan çəkinilməlidir. Mina təmizləmə prosesində müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübədən istifadə xüsusi əhəmiyyət daşıyır. Çünki söhbət çox geniş ərazilərin təhlükəsiz hala gətirilməsindən gedir”.

Azər Həsrət əlavə edib ki, mina problemi qısa müddətdə aradan qaldırıla biləcək məsələ deyil:

“Tarix göstərir ki, İkinci Dünya müharibəsinin başa çatmasından onilliklər keçməsinə baxmayaraq, bəzi ölkələrdə hələ də partlamamış sursatlar və minalarla bağlı təhlükələr qalmaqdadır. Bu səbəbdən Azərbaycan da uzunmüddətli və mürəkkəb bir proseslə üz-üzədir. Bu sınaqdan uğurla çıxmaq üçün həm dövlət qurumlarının fəaliyyəti, həm də vətəndaşların məsuliyyətli davranışı böyük əhəmiyyət kəsb edir”.

Günel Cəlilova


 

0