Toyunu qələbədən sonraya planlaşdıran şəhid gizirimiz - FOTO

ÖLKƏ
19:30 / 07.12.2020
1511

Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də gizir Turan Məmmədlidir.

Ağstafanın Göycəli kəndində doğulub boya-başa çatmış şəhid gizir Turan Məmmədli Vətən müharibəsində Füzulidən Cəbrayıladək döyüş yolu keçib. Turan Cəbrayıl ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu gün onun ailəsini ziyarətə döyüş yoldaşları da gəlib.

44 günlük müharibədə ayağını itirən döyüş yoldaşı Nurlan Məmmədli Turanın əsl dost, vətənpərvər, gülərüz, döyüşkən ruhlu hərbçi olduğunu deyir. “Turanla bir döyüşə girdik. Onun üzündən heç zaman təbəssüm əksik olmurdu. Qələbədən sonra ilk işi toy etmək olacaqdı. Döyüşlər başlamamışdan qabaq toyunun vaxtını planlaşdırmışdı. Hər ikimizin məzuniyyəti qalmışdı. Mənə döyüşdən qabaq telefonunun kodunu dedi. Ürəyinə dammışdı şəhid olacağı...” – deyə, Nurlan bildirir.

Şəhidin atası Raqif Məmmədov deyir ki, o, oğlanlarının hələ kiçik yaşları olandan hərbçi olmalarını arzulayıb. Onları hərbi ruhda böyüdüb: “Vətəni qorumaq, işğal altındakı torpaqları düşməndən xilas etmək hər bir valideynin şərəfidir. Əgər onun övladı döyüşürsə, bu, valideynin baş ucalığıdır. Mənim 3 oğul övladım var. Onun ikisi hərbçi olub. Biri ehtiyatda olan gizirdir”.

Onu da deyək ki, şəhid Turan Məmmədlinin həyatında 7 rəqəmi xüsusi önəm daşıyıb. Belə ki, dekabrın 7-si, yəni bu gün onun doğum günüdür. 27 yaşı olacaqdı... Oktyabrın 7-də şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 7-də isə nişanı olub. Toyunu da qələbədən sonra etməyi planlaşdırmışdı. Allah rəhmət eləsin!

0
Azərtac