Nişanlandığı gün şəhid olan qəhrəman - FOTO

ÖLKƏ
20:08 / 09.12.2020
931

Basdığın yerləri torpaq deyərək keçmə, tanı.

Düşün altındakı minlərlə kəfənsiz yatanı!

İkinci Qarabağ müharibəsində Şəhid olan və ya Qazi kimi evə dönən hər bir igidimizin həyatı bir dastandır. Onlardan daha biri haqqında danışmaq istərdik.

Ülvi Rəfail oğlu Rəfiyev... O, xoşbəxt bir ailənin ilk övladı idi. 16 avqust 1996-cı ildə dünyaya gəlmişdi. Sevilə-sevilə böyüyür, böyüdükcə də ailəsevər, insansevər, vətənsevər bir gənc kimi ətrafdakılarına nümunə olurdu. Çünki doğulduğu ailə halal, zəhmətkeş və kökünə bağlı idi. Atası Rəfail bəy də Ordubadın ən ziyalı ailələrindən biri, 50 il pedaqoji təcrübəsi olan, uzun müddət Ordubad Təhsil şöbəsinin müdiri işləmiş Qadir Rəfiyevin ailəsində anadan olmuşdu. Ülvi bütün qohumları, xüsusilə babası və nənəsi tərəfindən çox sevilirdi, çünki adı kimi o qədər saf, təmiz və mehriban idi ki, onu sevməmək mümkün deyil.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olundu.  Yaxşı oxumaqla bərabər, həm də Universitetin ictimai həyatında da fəal iştirak edirdi. ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının ən fəal üzvü idi, bütün yarışlarda, beynəlxalq festivallarda universitetin şərəfin qoruyur, həmişə də qalib kimi qayıdırdılar. Hətta Türkiyənin məşhur “Yetənək sizsiniz” proqramında uğurla çıxış etmişdi. Gələcəklə bağlı böyük arzuları var idi. Daha çox Azərbaycanı beynəlxalq festivallarda layiqincə təmsil etmək istəyirdi.

Tələbə həyatından sonra hərbi xidmətə çağırıldı, Vətənə olan borcunu qaytardı. Burda da özünü nümunəvi bir hərbçi kimi göstərdi, özünün, ailəsinin başını uca tutdu.

Mülki həyata qayıtdıqdan sonra həm sərbəst yaşamaq, həm də ailəsinə dəstək olmaq üçün əmək fəaliyyətinə başladı. İşini sevdi, sevildi, ailə qurmaq üçün planlar qurmağa başladı. Deyərdi ki, özümə möhtəşəm toy edəcəm və toyda “Zeybək” rəqsini oynayacam.

İkinci Qarabağ müharibəsi başlayanda artıq dörd ay var idi ki, sevdiyi xanımla  nişanlanmışdı. Məlum səbəblərdən,  toy məsələsi yubanırdı və düşünürdü ki, tezliklə hər şey düzələr, ilin sonunda qohumların, dostların şahidliyi ilə yaxşı bir toy mərasimi düzənləyər.

İyul hadisələrindən sonra o, da minlərlə gəncimiz kimi Səfərbərlik Xidmətinə gedib könüllü yazılmışdı.

27 sentyabrda müharibə başlayandan bir neçə gün sonra Ülvi də çağırış vərəqi aldı. Kiçik qardaşı Ülvanın hərbi xidmətdə olmasına baxmayaraq, elə həmin gün də Səfərbərlik Xidmətinə getdi, O gündə də döyüşə yollandı.

Füzulinin, Cəbrayılın alınmasında döyüş yoldaşları ilə bərabər qəhrəmancasına vuruşdu. Ancaq Füzuli istiqamətində düşmən tam şəkildə məhv edilmədiyindən, onları yenidən Füzuli tərəfə qaytardılar.

25 oktyabr səhər saat 10 radələri... Səhərdən başlayan döyüş getdikcə  daha da güclənir, qarşı tərəf geri çəkilmək istəmir. Döyüşçülərimiz nə qədər şücaət  və igidliklə  vuruşsa da, düşmənin qarşı tərəfdən top və minaatanların dəqiq atdığı zərbələr bizə irəliləməyə imkan vermir.

Güclü səs-küyün, atəşin altında Ülvi əvvəlcə yanında güclü partlayışın olduğunu eşitdi, sonra beldən aşağı güclü bir ağrı hiss etdi. Bu an Üvi  özündə cəsarət tapıb ayağa qalxmaq istədi, ancaq mümkün olmadı, qəlpə öz işini artıq görmüşdü. Yanındakı dostları köməyə gəldilər, qan itirməsin deyə ayağını dizdən yuxarı bağlamağa çalışdılar. İlk ağlına gələn atası, anası, qardaşı və sevdiyi qız oldu. Bir də fikirləşdi ki, artıq əvvəlki kimi rəqs edə bilmiyəcək. Dostları onu hospitala yola salandan sonra, atasına zəng vurdular: “Rəfail day, Ülvini Beyləqan xəstəxanasına apardılar, yaralanıb. İmkanınız varsa, təcili ora gəlin. Ona nə aid varsa, məndədir. Əgər sağ qalsam, gətirib verəcəm, Şəhid olsam, sağ qalan dostlar gətirib verəcəklər, haqqınızı halal edin”.

Ailəsi ilk olaraq düşündü ki, yəqin yüngül yaralanıb, xəstəxanada lazım olacaq hər şeyi yığıb yola çıxdılar.

Yolda zəng gəldi: “Salam. Gül dükanından narahat edirik. Dünən oğlunuz Ülvi bəy gül buketi sifariş verib, ünvanı deyərdiniz çatdıraq...”.

Həmin gün Ülvi ilə nişanlısının nişanlanmasının dördüncü ayı idi, hər ayın tamamında gül buketi ilə sevgilisini təbrik edərdi.

Ailə xəstəxanaya çatanda, artıq gec idi. Ülvi yolda çox qan itirdiyindən dünyasını dəyişmişdi. Bundan sonra Anasının, Atasının, Sevgilisinin və qohumlarının, dostlarının nə yaşadığını yazmaq artıq mümkün deyil.

Ülvi Rəfiyev həm də Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin nəslindəndir və Vətən üçün canını əsirgəməyən Rəfiyevlərdən biridir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

0
Modern.az