ÖLKƏ
12:12 / 09.04.2021
4386

Baş nazir Prezidentin işdən çıxardığı şəxsi niyə özünə müşavir seçdi? - ŞƏRH

Yaxın günlərdə günlərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edilib. Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bu sahədə mövcud vəziyyəti sərt tənqid etmişdi. Bundan bir gün sonra Baş nazir Əli Əsədov Ə.Əhmədzadəni özünə müşavir təyin edib. Bu isə ictimaiyyət arasında ciddi narazılıqlara səbəb olub . Prezidentin tənqid etdiyi şəxsin baş nazir tərəfindən müşavir təyin edilməsi hansı zərurətdən yaranıb?


Mövzu ilə bağlı fikirlərini aldığımız ekspertlər də belə bir sual qarşısında təəccüblüdürlər. Politoloq Qabil Hüseynli bildirdi ki, Əhməd Əhmədzadə sovet sövründən bu sahədə çalışıb və böyük sərvət sahibidir: “Belə adamların məsuliyyətə cəlb edilməsi əvəzinə müşavir təyin edilməsi anormal bir hadisədir. Mən özüm də təəccüblənirəm ki, bu qoca kişi, meliorasiya sahəsində bərbad vəziyyət yaradan bir insan yenidən başqa bir sahəyə irəli çəkilir. Onun yerinə isə xeyli gənc bir şəxs təyin edilib. Ağır bir təsərrüfatdır, kənd təsərrüfatının şah damarıdır. Belə yerə məncə təcrübəli şəxslər təyin edilməlidir. O kişidən haqq-hesab sormaq əvəzinə yenidən vəzifəyə gətirirlər. Təcrübəsi var, ancaq bu təcrübəsinin xeyli hissəsi öz şəxsi imkanlarının genişləndirilməsinə yönəldilib”.


“Əhməd Ədmədzadənin hansı təcrübəsi var, onun təcrübəsi oliqarx olmaqdırmı?” “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev sualımıza belə bir sualla cavab verdi: “Özü də deyirdi ki, 1967-ci ildən indiyədək ölkədə müxtəlif yüksək vəzifələrdə olub. Meliorasiya və Su Təsərrüfatı ASC də yetərli qədər ciddi problemləri olan təchizat olub. Ölkədə ərazilərin şoranlaşmasında bu təchizatın günahı var. Eyni zamanda hər il orta hesabla bu qurumun dövriyyəsi 2 milyarda yaxın olub. Eləcə də satınalmalarla bağlı məsələlərdə çox ciddi problemlər var. Hətta ötən il Hesablama Palatasının hesabatında da bununla bağlı məsələlər vardı. Bizim “Şəffaflıq Azərbaycan” təşkilatı dövlət satınalmalarında şəffaflığın təmin edilməsi ilə bağlı tədqiqat aparıb. Tədqiqatda da satınalmalarla bağlı məsələlərdə qanunvericiliyin tələblərinin kobud surətdə pozulması barədə bu ASC-də çoxsaylı ciddi problemlər olduğunu aşkarlamışdıq. Hətta satınalmalarda bir neçə şirkətin qalib olmasını da müəyyənləşdirmişdik. Hər il dövlət büdcəsindən böyük miqyasda bu təchizata vəsait ayrılıb. Ancaq bu vəsait təyinatı üzrə xərclənibmi, yaxud xərclənibsə bu vəziyyət niyə belədir?”

Ə.Nuriyevin sözlərinə görə, Azərbaycan su ehtiyatlarına görə, Cənubi Qafqazda 30 faiz özü tərəfindən təmin olunur, o qədər də geniş su ehtiyatlarına malik deyil: “Ona görə də su ehtiaytlarından qənaətlə istifadə edilməsi vacibdir. Bütövlükdə su kanallarının tikilməsi, meliorasiya işləri əksər hallarda bərbad vəziyyətdə olub. Su ehtiyatları qənaətlə istifadə edilməyib. Xüsusilə də su ehtiyatlarının böyük bir hissəsi bu quruma aid olan məsələ idi. Təsərrüfatla məşğul olan insanlar çox zaman bu suyu əlavə vəsaitlər ödəməklə alırlar. Eyni zamanda ayrı-ayrı böyük təsərrüfatların, oliqarxların maraqlarına yönəlib ki, burada da ASC-nin müstəsna rolu var. Əlbəttə, Ə.Əhmədzadənin illərin təcrübəsi var, ancaq bunun pozitiv olub-olmaması müzakirə olunan məsələdir. Özü də deyib ki, 67-ci ildən bu yana rahat yatmamışam, qorxmuşam vəzifədən. Hesab edirəm ki, ASC-nin geniş ciddi surətdə təftişə ehtiyacı var. Genişmiqyaslı yoxlamalar olmalıdır, bütün avadanlıq, dövriyyə vəsaitləri yoxlanmalıdır. Burada böyük çatışmazlıqların olması istisna edilmir. Ötən il böyük bir müşavirə olmuşdu və ölkə başçısı tərəfindən konkret tapşırıqlar verilmişdi. Ölkədə su ehtiyatlarının optimallaşdırılması, bu prosesin idarəe dilməsində təkmilləşdirilmə ilə bağlı çox ciddi vəzifələr qoyulmuşdu. Bundan əvvəlki müşavirədə də həmin şəxs bir sıra suallara cavab verə bilmədi. Ancaq bura dövlət büdcəsindən çox böyük miqyaslı vəsait yönəldilib”.

9
Afn.az