Vəkilin müştərisinə təcavüz etməkliyi... - Olmuş əhvalat

ÖLKƏ
17:09 / 18.10.2021
1604

İlahə Ucaruh

Azərbaycanda cinsi zorakılıq mövzusu yenidən gündəmə gəlmişkən, bir olayı da mən danışım. İstəyirsiz, inanın, istəmirsiz, inanmayın, elə bilin fantastik hekayə oxuyursunuz.

2000-ci ildə Bakının "Nizami” metrostansiyasına yaxın olan bir hüquq məsləhətxanasına getmişdim. Ərimdən boşanmaq üçün ərizə yazmağa yardım istəyəcəkdim. Bir alçaqboy cavan vəkilə acınacaqlı vəziyyətimi anlatmağa başlamışdım. Birdən vəkil dik atıldı, ofisdən çıxıb vacib iş üçün təcili başqa yerə getməli olduğunu dedi. Sonra təklif etdi:

- İstəyirsizsə, ora birlikdə gedək. Təqribən 15-20 dəqiqəlik işdir, sonra yenə bura dönəcəyəm. Boşanma məsələnizi maşında, yolda danışarıq. 
Vaxta qənaət məqsədilə təklifi qəbul etdim. ”Hüquq işçisidir, heç nə olmaz. Niyə qorxum axı?!” - düşünüb razılaşdım. Tələm-tələsik hüquq məsləhətxanasından çıxıb, yaxınlıqda saxlanılmış avtomobilə mindik. Yol boyu ailə zorakılığına məruz qaldığımı, həyat yoldaşım tərəfindən zorla seksə məcbur edildiyimi danışdım. Sükan arxasındakı vəkil hərdən "vay, vay, heç olmadı ki!”  kimi kommentlər əlavə edirdi. 

Beş-on dəqiqə yol gedib hansısa bir mikrorayona çatdıq. Vəkil onunla getməyimi xahiş etdi. Kimdənsə müsadirə edilmiş mənzilin boşaldılıb-boşaldılmadığını öyrənməliydi. Ev sahibi evdə olsa, vəkil ona məni göstərib, "baxın, artıq bu mənzilin yeni qanuni sakini də var, tələsin, evi boşaldın!” - deyəcəkdi. 
"Dövlət işinə barı kiçik də olsa bir yardımım dəyər” fikri ilə maşından çıxdım. Vəkil ilə çoxmərtəbəli bir binanın hansısa qapısının zəngini çaldıq. Heç kəs cavab vermədi. Vəkil cibindən açar çıxarıb qapını açdı. Mənzilin boş olub-olmadığına baxmaq üçün girdik. Mənzil tamamilə boş idi. Neçə otaqdan ibarət olmasını bilmədim, çünki qəflətən vəkil üstümə atılıb məni qucaqladı. Təəccüblə onu itələmək istədim, bacarmadım. Vəkil bərk-bərk mənə sarılıb, buraxmırdı. Hər şeyi anlasam da, artıq gec idi. Avam, təcrübəsiz gənc bir qadını aldatmaq elə də çətin iş deyildi. Hüquqçu olan birisi üçün isə – asandan da asan idi. Axı sovetlər dönəmində "mənim milisim məni qoruyur” təfəkkürü ilə böyümüşdüm...

Vəkilin belə kobud və alçaq hərəkətinə hiddətlənib var gücümlə özümü müdafiə etməyə başladım. Balacaboy kişi ilə sözün əsl mənasında əlbəyaxa oldum. Bir neçə dəqiqədən sonra taqətdən düşməyə başladım. Qızımın uşaq bağçasında olduğu yadıma düşdü. Bir neçə saatdan sonra bağça bağlanacaq. Bu mənzildən çıxıb uşağımın bağçasına yollanmaq üçün vəkilin hücumlarına təslim olmaqdan başqa yol görmürdüm. Qaçıb canımı qurtara bilmirdim. Həm qol əzələlərimi, həm də səsimin müdafiə əzmini zəiflədib, "yaxşı, qoy barı tualetə dəyim – sonra...” - dedim. Vəkil həmin andaca məni buraxıb tualetin qapısını göstərdi.

Tualetə tərəf addımlayanda həqiqətən də yuyunub təslim olmağı düşünürdüm. Tualetə girər-girməz isə qapının yaxşı kilidi olduğunu görər-görməz beynimdən əlimə tamam başqa əmr gəldi: "Qapını bağla, tualetdə qal!!!” Cəld hərəkətlə tualeti kilidləyib qalib səslə bəyanat verdim: "Burdan çıxan deyiləm! Ha-ha!” Vəkil qapını açmağa nə qədər cəhd etdisə, heç nə alınmadı. Mənzil yeni təmirli, qapı kilidi də sap-sağlam idi. "Mənim milisim” indi kilidim idi. 

Tualetin mətbəxə baxan balaca pəncərəsi var idi. Vəkil o pəncərədən içəri soxulmaq istəyəndə tualetdəki pol taxtasına sarıldım. Bir andaca taxtanı vəkilin başına, əlinə-qoluna bərk-bərk çırpmağa başladım. Vəkil ağrısa da, səsini çıxarmadı. Geri çəkildi. Mülayim səslə ləliməyə başladı. Dönə-dönə üzr istədi. Peşmançılığını bildirdi. Zarafat elədiyini dedi. Məni sınamaq istədiyini anlatdı. Bir də heç vaxt belə hərəkətlərə yol verməyəcəyinə  söz verdi. Bunun ona bir dərs olduğunu dedi. 

Bütün bu dil tökmələrə baxmayaraq, tualetdən çıxmırdım. Mövqeyim, cəsarətim, fərasətim, fəndim, kələyim xoşuma gəlmişdi. Düz etdiyim xoşuma gəlmişdi. Bir sözlə – qəhrəmanlığım xoşuma gəlmişdi. Ağlıma nədənsə Əlincə qalası düşdü. Bu qalanı heç vaxt görməsəm də, ata nənəmin əsli-kökünün Əlincə kəndindən olduğunu eşitmişdim. Bir anlıq qürur hissi keçirdim: bəlkə damarlarımda qədim Əlincə qalasının bir qorxmaz döyüşçüsünün qanı axır, ona görə mən də qorxmuram?! Sığındığım o balaca mikrorayon tualeti mənə bir alınmaz qala kimi gəldi...

Bir neçə saat tualetdə qalmışdım. "Gözünə döndüyüm” "vəkilim” də qapının o biri tərəfindən yalvarmaqdan yorulub susmuşdu. Qolumdakı saat, uşaq bağçasının bir saatdan sonra bağlanacağını göstərirdi. Uşaq məsələsi olmasaydı, bəlkə də acından ölənədək orada qalacaqdım. Uşaqlıqdan inadkaram. Yox — inadlıyam. Elə uşaqlıqdan ancaq ruh qəhrəmanlarına paxıllıq edirəm – başqa heç kəsə...

Tualetin qapısını açıb vəkilin pörtmüş üzünə baxdım: 

- Uşaq bağçası bir azdan bağlanacaq”,- dedim. Sakit dedim. Döyüşməyə vaxtım yox idi. Hər şey vəkilin insafına, abrına qalmışdı. 
- Yox ee, nə danışırsan! Sən ki mənim başıma neçə saatdır bu müsibəti açırsan, səni elə-belə buraxan deyiləm! - əsəbi halda cavab verdi.
Acından halsız, çarəsiz, tərpənmədən qarşısında dayanmışdım. "Nə olursa-olsun, ancaq tez olsun - çıxım balamın yanına gedim”, -  düşünürdüm. Vəkil bərk sarılıb məni yerə yıxdı. Yox, yıxmadı. Yadımdadır, donub yerimdə qalmışdım. Cansız kötük kimiydim. Məni, qucağına alıb otağa keçdi, astaca tozlu parket döşəməyə uzatdı. Özümü bir mumiya, bir meyid kimi hiss edirdim. Bütün əzələlərim sanki taxtaya dönmüşdü. Heç bir duyğu – nə etiraz həyəcanı, nə utanc həyəcanı qalmamışdı məndə. Soyuq başım ancaq bunları ifraz edirdi: "Kitablarda oxuduğum, filmlərdə gördüyüm əsirlik, köləlik beləymiş demək! Konslaqerlərdəki əclaf faşistlər beləymiş demək! Sibir meşələrində Hüseyn Cavidləri sürgünlərdə çürüdən zalım stalinçilər beləymişlər demək! Babəkə, Nəsimiyə işgəncə verənlər beləymişlər demək!”

Gözlədiyim kimi olmadı. Qorxularım əbəs idi. Vəkil məni yerə uzandırsa da, heç nə edə bilməmişdi. Edə bilmirdi. Ya yaşadığı bu bir neçə saatlıq tualet döyüşündən, ya əsəbdən, ya peşmanlıqdan, ya da başqa səbəbdən – vəkil heç cür mənə cinsi təcavüz edə bilmirdi. Alınmırdı. Etmədi. Alınmadı. Bunu anladığımda sevincdən məni dəli qəhqəhə tutdu. Belə isterik şəkildə uzun-uzadı uca səslə qəhqəhə çəkməyim həyatımda ilk dəfəydi. Özümü tanıya bilmirdim. Sanki teatrda komediyaya baxırdım. Hönkür-hönkür çox ağlamışdım həyatda. Lakin hönkür-hönkür qəhqəhə çəkməyim ilk dəfə idi...
Vəkil rəsmən bir qadına uduzmuşdu. Vəkil rəsmən bir qadın qarşısında biabır olmuşdu. Vəkilin vəkilliyi rəsmən ölüb yerə girmişdi. Alçaq boyu daha da alçalmışdı...

Uşaq bağçasına özümü vaxtında çatdırmışdım...

5