ÖLKƏ
10:01 / 31.12.2021
432

"İctimai Televiziyada çox peşəkar komanda işləyir" - RƏYLƏR

 
"İctimai Televiziya efir siyasəti ən uğurlu şəkildə təşkil edilmiş televiziyalarımızdan biridir. Eyni zamanda status və missiya etibarilə də teleməkanımızın digər iştirakçılarından fərqlənir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın fikirincə, İctimai Televiziyanın statusu bir qədər fərqlidir:
 
 
"Belə olan halda mövcud imkanlar və fərqli statusla həm efir rəngarəngliyini artırmaq, həm də məhdudlaşdırmaq olar. İctimai Televiziya isə bu imkanları birincinin lehinə həll edə bilir. Yəni ictimai maraq kəsb edən bütün mövzuları efirə daşıya bilir. Problemləri aktuallaşdıraraq ictimai diqqətə və hətta o problemləri həll etməli olan qurumların diqqətinə təqdim etməyi bacarır. Efir rəngarəngliyini xaotik yox, nizamlı şəkildə kombinasiya edir, yəni mövzuları uyğun sahələr üzrə ümumiləşdirərək təqdim edir. Məsələn, ümumi gündəlik və məişət mövzularını bir verilişdə, mühüm hadisələri başqa bir verilişdə, xarici siyasətlə bağlı məsələləri ayrı bir müstəvidə, iqtisadi mövzuları tamamilə ayrı profildə və s. təqdim edir. Bu isə verlişləri maraqlı etməklə bərabər, həm də peşəkar mövqedən şərh etməyə imkan verir. Sosial qruplar və yaş qrupları üzrə də ictimai maraq dairələri uğurla müəyyənləşdirilir. Uşaqlar, gənclər, musiqisevərlər, intellektuallar və s. kimi maraq dairəsi fərqli olan qrupların efir zövqünə və tələbatına uyğun formada verlişlər təşkil edir ki, bu da İctimai Televiziyanın efirini xeyli dərəcədə populyarlaşdırır. Operativlik və səhihlik isə İctimai Televiziyanın ayrıca mühim xüsusiyyətlərindən biridir" .
 
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, İctimai Televiziyanın çox peşəkar komanda işləyir:
 
 
"Mən çox televiziyalara dəvət alıram, biri də İctimai Televiziyadır. Təəssüflər olsun ki, işlərin çoxluğundan hər dəfə onların dəvətini qəbul edə bilmirəm. İTV-nin fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, orada çox peşəkar komanda işləyir. Məhz bu üzdən onlarla münasibətim var. Baxıram ki, baxışlar çoxdur, münasibət çox açıqdır, heç bir senzura yoxdur, açıq şəkildə efirdə nə istəyirsən danışırsan. Müstəqil şəxs kimi bəzi fikirləri həmin kanalın efirində səsləndirirəm, hansı ki, bu və ya digər şəkildə bəlkə də hökumət tərəfindən dəstəklənmir. İctimai Televiziyanın mən nöqsan görmürəm".
 
Milli Məclisin deputatı Vüqar Bayramov da İctimai Televiziyanın fəaliyyətini müsbət qiymətləndirir:
 
 
"Uzun müddət mətbuatla əməkdaşlıq edən bir iqtisadçı kimi qeyd etmək istəyərdim ki, İctimai Televiziyanın fəaliyyəti son illər daha da təkmilləşir. İTV məsələlərə qərəzsiz, obyektiv və müstəqil yanaşmağa çalışır. Xüsusən də mətbuat üçün vacib olan prinsipləri qoruyub, İctimai Televiziyanın əsas məqsədi məlumatların ictimaiyyətə obyektiv şəkildə çatdırılması və eyni zamanda ölkədə aparılan islahatlar, həyata keçirilən tədbirlərlə bağlı vətəndaşların mütəmadi məlumatlandırılmasına nail olmaqdan ibarətdir. Verilişləri və xüsusən də ictimai-siyasi verilişləri qiymətləndirsək, burada peşəkarlığın yüksək olmasını önə çəkmək lazımıdr. Etiraf etmək lazımdır ki, bu gün əksər peşəkar verilişlər İctimai Televiziyada ərsəyə gəlir və yayımlanır. İTV məsələlərə çox obyektiv, həm də çevik reaksiya verməyə çalışır. 
 
Son illər aparılan islahatlar və o cümlədən iqtisadi məsələlərin təhlilində kifayət qədər obyektiv və müstəqil mövqe nümayiş etdirməsi müsbət haldır. Təbii ki, islahatlar İctimai Televiziyanın fəaliyyətini daha da təkmiləşdirməsinə gətirib çıxardacaq. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, son illər İctimai Televiziyanın fəaliyyətinin təkmilləşdirilməsi həm də onun tamaşaçı auditoriyasının genişlənməsinə, eyni zamanda sosial şəbəkələr vasitəsi ilə daha çox insanlara yetişməsinə gətirib çıxarıb. Bu kontekstdən əminəm ki, növbəti dövrlərdə İTV fəaliyyətini daha da təkmilləşdirib, daha geniş auditoriyaya malik olmaqla onu qoruyub saxlaya biləcək".
 
 
0