"Azərbaycanda həqiqətlər və Həqiqət xala"

ÖLKƏ
14:43 / 08.07.2022
1223

Orxan Saffari

 

Hazırda Azərbaycanda elə bir vəziyyət yaranıb ki, adamlar "həqiqət" sözündən iyrənir, ən yaxşı halda da məzələnirlər. Bu dəqiqə Azərbaycanın ən gülünc, ən məzəli adamı durub-durub hansısa məsələdə həqiqətləri söyləyən adamdır. İndi Azərbaycanda həqiqətləri söyləmək, işsiz-gücsüz, bikar olmağın əlamətləridir. Dirəşsən, şizofreniyanın əlamətləri də aşkarlanar. İrağ olsun, durub-durub həqiqətləri deyirsən, adama xəstə kimi baxırlar, xətrinə dəymirlər ki, yazığsan. Bir sözlə, gəlib-gedib həqiqəti barmaqlayırlar. 

Elə mövzular var ki, onlar barəsində həqiqətləri deyəndə, ümumiyyətlə aləm dəyir bir-birinə. Qohum-əqraba, dost-tanış, atanın dostlarıma kimi yığılıb gəlir ki, başına ağıl qoysunlar.  Tövsiyyələrdən sonra ağıllanmasan, səndən ümidini, münasibətini kəsənlər də olur. Və beləcə, əksəriyyətin gözündə çevrilirsən səy-səy danışan bir adama. Çünki Azərbaycanda həqiqətin gözünün odunu necə lazımdı alıblar. Daha doğrusu, basıb ikisini bir deşikdən çıxarıblar. Hamı yalana öyrəşib, hərə bir yalanla başını girələyib gedir. Bu dəqiqə Azərbaycanda ən yaxşı, ən gözəl, ən düzgün heç kimə ziyanı gəlməyən Həqiqət, ancaq Həqiqət adlı xalalardı. Onlar da yalan danışır, amma bir qədər ziyansız. Həqiqət xalalar uzağı yoldaşına, oğluna-qızına, gəlininə, ən çox da qonşusu Bəsti arvada yalan danışar. Vəssalam. Qurban olaq belə yalana. 

Həqiqət xalanın yalanından sənə bir şey olmasa da, bizim həqiqətdən dəqiq nəsə olacaq. Ümumiyyətlə, Azərbaycanda həqiqət mövzusunda məsələyə konkret olaraq belə deyərdim; 

- Bizlər tülkünü çox şişirdir, ayını isə çox kiçildirik.
Azərbaycanda həqiqətin bu cür yesir, ortalıqda qalmasının bir səbəbi də, həqiqəti gözdən salmaqdır. Bunu istəyən adamlar çox gözəl şəkildə bacardılar, indi də oturub əziyyətlərinin bəhrəsini yeyirlər. 

Azərbaycanda həqiqətlər elə adamların dilindən, elə bir şəkildə deyilir ki, həqiqət olduğunu bildiyin anda inanmağın gəlmir. Böyük-böyük həqiqətlər gözündən düşür, balaca uşağın söz-söhbəti kimi inanmağın gəlmir, gülürsən. Amma əslində, həmin adam düz deyir, düz danışır. Gəlin, belə danışaq. 

Məsələn, xalqın çox da sevmədiyi Millət Vəkili Elman Nəsirov çıxıb deyir ki, maaşlar azdı, xalq yaxşı yaşamır. Yəni də, təsəvvür edin belə deyir. Bu söhbət həqiqətdirmi? Bəli. Bəs, buna nə qədər adam inanar? Beləcə, bu cür bir həqiqət gözdən düşür. Sonra həmin məsələ uğrunda nə qədər can qoyursan qoy, xeyri olmur. Eyni həqiqəti də çıxıb hamının sevdiyi, inandığı bir adam deyəndə də, o dəqiqə deyirsən, əşşi, bunu filankəs də deyir də, nə olsun?! O cür adamlar bu cür həqiqətləri deyəndə camaat o dəqiqə düşünür ki, vallah, bu belə deyirsə, deməli, hər şey yaxşıdır, yolundadır. Dolayısı ilə bu həqiqətin də başına belə daş salırlar. 

Yaxud da, xalqın çox da sevmədiyi növbəti Millət Vəkili Siyavuş Novruzov çıxıb buna bənzər nələrsə deyir. Nə olacaq? Yenə eyni mənzərə, eyni söz-söhbət. Çünki ən birinci bu adamların özünə, gözünə, əl-qoluna inam yoxdur. Bu adamlar məcburiyyətdən həqiqətlə yollarını çoxdan ayırıblar, ortada uşaq da yoxdu ki, bir araya gələ bilsinlər, heç olmasa, yanbayan otaqlarda yata bilsinlər. 

Yəni ki, hal-qəziyyə belə, bir az da bundan artığıdır. 

Azərbaycanda həqiqət elə ölüb ki, yaxşı başı yaylıqlı, böyrü şallı Həqiqət xalalar lazımdı ki, oturub ağlasın. Allah rəhmət eləsin, mərhumu bacardığınız qədər qaldırıb çırpın yerə, görək axırı nə olur?

0