Moskva prokurorluğu məşhur bakılı şahmatçını vətənə xəyanətdə ittiham edir

ÖLKƏ
19:49 / 05.04.2024
188

Moskva prokurorluğu şahmat üzrə dünya çempionu Qarri Kasparovu (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) dövlətə xəyanət maddəsi ilə yoxlamağa başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə fəal Vitali Borodin "Telegram" kanalında məlumat verib.

O, həmçinin Kasparovun hərəkətlərinin qiymətləndirilməsinin obyektiv olacağına ümid etdiyini bildirib.

Bundan əvvəl məhkəmə Kasparovu xarici agentlər haqqında qanunu pozduğuna görə növbəti dəfə cərimələyib. O, 50 min rubl cərimə edilib. 2023-cü ilin noyabrında şahmatçı oxşar qanun pozuntusuna görə 40 min rubl cərimə olunub.

2022-ci ilin may ayında Rusiya Ədliyyə Nazirliyi YUKOS-un keçmiş ortaq sahibi və rəhbəri Mixail Xodorkovskini (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) və Kasparovu "xarici agent funksiyasını yerinə yetirən şəxslər" reyestrinə daxil edib. Sənəddə Xodorkovski üçün xarici maliyyə mənbələri kimi Ukrayna, Kasparov üçün Ukrayna və Amerika İnsan Haqları Fondu göstərilir.

2022-ci il aprelin əvvəlində Rusiyada "xarici agent funksiyasını yerinə yetirən fiziki şəxslərin" reyestri yaradılıb. Buraya ilk olaraq jurnalistlər Yevgeni Kiselev (Rusiyada xarici agent kimi tanınıb, terrorçular və ekstremistlər siyahısına daxil edilib) və Matvey Qanapolski (Rusiyada xarici agent kimi tanınıb) daxil edilib.

Qeyd edək ki, Harri Kasparov 13 aprel 1963-cü ildə Bakıda anadan olub. O, 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edib. 
 
Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40-50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olub.

1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının 1970-ci ildə leykozdan vəfatından sonra - 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını verib, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırıb.
 
Harri Kasparov şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985-2000) və Rusiya çempionu (2004) olub, 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002).

O, bir müddət siyasətlə məşğul olub. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" sədrlik edib. Rusiyada 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırsa da, özünün dediyinə görə rəhbərlik etdiyi təşkilatın ümumi yığıncağının keçirilməsi üçün icazə verilməyib.

0