Müxtəlif zamanlarda universitetlərin birləşməsi məsələsi gündəmə gəlir.
Bəzi ekspertlər hesab edirlər ki, bənzər universitetlərin birləşməsi onların verdiyi təhsilin keyfiyyətini artıra bilər. Bu səbəbdən də zaman-zaman bəzi universitetlərin birləşməsi mövzusu müzakirə predmetinə çevrilir.
Ümumiyyətlə, bəzi universitetlər birləşməlidirmi? Hansı universitetlərlə bağlı bu addımı atmaq olar?
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. O bildirib ki, universitetlərin birləşdirilməsinin müsbət tərəfləri çoxdur:
"Bunun nəticəsində eyni istiqamət üzrə güclü mütəxəssisləri olan kafedralar formalaşacaq. Həmçinin, Elm və Təhsil Nazirliyinin universitetlərə nəzarəti daha asan olacaq. Eyni zamanda, universitetlərin maddi bazası da möhkəmlənəcək".
Ekspert hansı universitetlərin birləşə biləcəyindən də danışıb:
"Düşünürəm ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Bakı Mühəndislik Universiteti Azərbaycan Texniki Universitetinə birləşə bilər. Bundan başqa, Azərbaycan Dövlət İqtisad Universitetinə isə Azərbaycan Neft və Sənaye Universiteti ilə Azərbaycan Turizm və Menecment Universitetinin birləşməsi mümkündür.
Bakı Slavyan Universiteti də Azərbaycan Dillər Universitetinə birləşə bilər. Eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birləşməsi mümkün görünür. Bakı Dövlət Universitetinə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birləşməsi uyğun olardı".
Pərviz