İrlandiya Rusiyanı bomba hədələri ilə bağlı yeni "hibrid hücumda" ittiham edir

DÜNYA
16:33 / 08.11.2026
32

İrlandiya sərnişin təyyarələrinin və digər obyektlərin minalanması ilə bağlı yayılan saxta məlumatların arxasında Rusiyanın dayandığını iddia edir. Lakin Dublinin bu ittihamlarını təsdiqləyən hər hansı konkret sübut hələlik açıqlanmayıb.

HİT.az xəbər verir ki, “Times” qəzetinin yazdığına görə, İrlandiya kəşfiyyatı ölkədə bomba təhlükəsi ilə bağlı yayılan məlumatların əlaqəli və koordinasiyalı şəkildə təşkil edildiyini düşünür. Mənbələr bu hadisələrin arxasında dövlət səviyyəsində fəaliyyət göstərən bir qurumun dayana biləcəyini iddia edirlər.

Nəşrin məlumatına əsasən, İrlandiyanın noyabr ayında Avropa Siyasi Birliyinin sammitinə, eləcə də Avropa İttifaqı liderlərinin görüşünə ev sahibliyi etməsi ölkəni mümkün hədəfə çevirib. Bundan başqa, diplomatik mənbə Rusiyanın İrlandiyaya marağının digər səbəblərindən biri kimi ölkənin strateji kommunikasiya infrastrukturu ilə əhəmiyyətini göstərib.

Belə ki, transatlantik sualtı kabellərin təxminən 75 faizi İrlandiyanın ərazi sularından və ya yaxınlığından keçir. Ölkədə “Google”, “Amazon” və “Microsoft” kimi texnologiya nəhənglərinə məxsus çoxsaylı məlumat mərkəzləri də fəaliyyət göstərir.

İrlandiya kəşfiyyatından olan mənbə hadisələrin bir-biri ilə əlaqəli olduğunu və onların xarakterinin dövlət subyektinin iştirakına işarə etdiyini bildirib. Avropa məsələləri və müdafiə naziri Tomas Börn də ölkəsinin Rusiyanın bu cür fəaliyyətlərdə iştirakından xəbərdar olduğunu deyib. Bununla belə, nə nazir, nə də kəşfiyyat mənbələri Moskvanın iddia edilən hadisələrə aidiyyətini təsdiqləyən sübut təqdim edib.

Samir

0