Ekspert piyadaların vurulmasına görə BNA və DYP-ni qınadı

ÖLKƏ
17:51 / 19.09.2020
532

“Adətən rəsmi dövlət orqanları piyadaların vurulmasını onların və sürücülərin diqqətsizliyi ilə əlaqələndirir. Amma bu problemi təkcə piyada və sürücülərin üzərində müzakirə etmək yanlışdır”

Bunu Moderator.az-a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə eksper Ərşad Hüseynov deyib. Ekspert piyadavurma hadisələrinin səbəblərini sadalayıb və bu istiqamətdə kompleks şəkildə iş aparmağın vacibliyini vurğulayıb:

“Adətən rəsmi dövlət orqanları piyadaların vurulmasını onların və sürücülərin diqqətsizliyi ilə əlaqələndirir. Amma bu problemi təkcə piyada və sürücülərin üzərində müzakirə etmək yanlışdır. Yollarda piyadaların avtomobillə vurulmasının beş səbəbi var. Birincisi, küçələr işıqlandırılmır. Piyada vurulması hadisələrinə nəzər salsaq, hadisələrin 70 faizi gecənin qaranlıq vaxtı baş verir. İkinci səbəb bəzi piyada keçidlərinin yaxşı siqnallaşdırılmamasıdır, yəni yol nişanı yerində olmur, piyada zolağı vaxtında rənglənmir. Üçüncü səbəb çoxzolaqlı yollardı işıqforsuz piyada keçidlərinin quraşdırılmasıdır. Belə yolda üç maşın yanaşı gəlir, biri piyadanı ötüb keçir və digəri bilmədən piyadanı vurur. Ona görə də piyada keçidlərinin işıqforla təchiz olunması çox vacibdir. Məsələn, Bakıətrafı kəndlərdə sürətli yollar var, onlar qaranlıqdır və orda ümumiyyətlə, piyada keçidi yoxdur. Dördüncü səbəb piyadaların diqqətsizliyi və beşinci səbəb isə sürücülərin diqqətsiz və məsuliyyətsizliyidir. Bütün bunlar kompleks şəkildə həll olunsa, biz o qəzaların sayını azalda bilərik”.

Qeyd edək ki, bir neçə gün öncə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov ilin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyat hadisələrində piyada vurulmasının 59 faiz təşkil etdiyini bildirib.

0