Uşaqlar cəmiyyətin ən incə və qorunmağa ən çox ehtiyacı olan hissəsidir.
Ona görə də onların vaxt keçirdiyi mühitlər, xüsusilə uşaq bağçaları, yalnız təhlükəsiz deyil, eyni zamanda qayğı və sevgi ilə dolu olmalıdır. Bağça dövrü uşağın həyatında çox önəmli mərhələdir — məhz burada o, ilk sosial münasibətlər qurur, ünsiyyət bacarıqları inkişaf edir və gələcək həyatının təməli formalaşır.
Bu gün uşaq bağçaları artıq sadəcə uşaqların saxlanıldığı yerlər kimi qəbul edilmir. Onlar uşağın psixoloji, emosional və sosial inkişafına təsir edən vacib təhsil ocaqlarıdır. Burada uşağın şəxsiyyət kimi formalaşması üçün ilkin addımlar atılır.
Ancaq son dövrlərdə bağçalarda baş verən xoşagəlməz hadisələr narahatlıq doğurur. Uşaqlara qarşı kobud davranış və zorakılıq hallarının artması bu sahədə ciddi boşluqların olduğunu göstərir. Sosial şəbəkələrdə yayılan görüntülər isə bəzi bağçalarda gözlənilən sevgi və qayğının əvəzinə, əksinə, aqressiyanın hökm sürdüyünü ortaya qoyur.
Bu cür hadisələr istər-istəməz valideynlərin uşaq bağçalarına olan inamını sarsıdır. Xüsusilə işləmək istəyən analar üçün bu vəziyyət daha ağır seçim qarşısında qalmaq deməkdir. Bir tərəfdə karyera və maddi ehtiyaclar, digər tərəfdə isə övladının təhlükəsizliyi ilə bağlı narahatlıq dayanır. Bağçalarda baş verən xoşagəlməz hallarla bağlı xəbərlər valideynləri tərəddüdə salır və onları çıxılmaz vəziyyətə sürükləyir.
Bəziləri hesab edir ki, bu kimi zorakılıq halları yalnız dövlət bağçalarında müşahidə olunur, özəl bağçalarda isə belə problemlər yoxdur. Lakin zaman keçdikcə bunun doğru olmadığı, oxşar halların müxtəlif tip bağçalarda da baş verdiyi üzə çıxır. Bu isə problemin təkcə müəssisənin növü ilə deyil, ümumilikdə nəzarət və məsuliyyət məsələləri ilə bağlı olduğunu göstərir.
Təəssüf doğuran məqamlardan biri də odur ki, bəzi tərbiyəçilər bu cür davranışları uşağı “nizama salmaq” və ya “tərbiyə vermək” adı altında əsaslandırmağa çalışırlar.
Halbuki, xüsusilə 3 yaşlı bir uşağa qarşı sərt və aqressiv davranışın heç bir pedaqoji izahı yoxdur. Bu yaş dövründə uşaqlar sevgi, anlayış və səbir vasitəsilə yönləndirilməlidir. Şiddət isə əksinə, uşağın psixologiyasında dərin izlər buraxa bilər. Belə hallar uşağın yaddaşında travma kimi qalır, onun emosional inkişafına mənfi təsir edir və nəticədə uşaq bağçaya getməkdən imtina edə bilər.
Günel Cəlilova


