Uşaqlarda dırnaq yemə vərdişi: Həll yolu nədir?

SOSİAL
14:30 / 01.05.2026
99

Dırnaq yemə vərdişi valideynlər üçün sadəcə pis alışqanlıq deyil, eyni zamanda narahatlıq doğuran bir siqnaldır. Bu davranış çox vaxt uşağın daxilində yaşadığı gərginliyin, qorxunun və ya diqqətə ehtiyacın ifadəsi kimi ortaya çıxır.

Eyni zamanda, gündəlik gigiyena qaydalarına riayət etmək – məsələn, əllərin yuyulması və ya dişlərin mütəmadi fırçalanması bir çox ailələr üçün asan formalaşmır. Bu vərdişlərin erkən yaşdan düzgün şəkildə öyrədilməməsi sonradan həm sağlamlıq problemlərinə, həm də uşağın gündəlik həyatında narahatlıqlara səbəb ola bilər.

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında ki, dırnaq yemək bir çox hallarda sadə vərdiş kimi görünsə də, əslində uşağın daxili dünyası ilə bağlı siqnaldır: 

“Bu davranış adətən erkən yaşlarda başlayır, yeniyetməlik dövründə daha qabarıq şəkildə özünü göstərir. Bəzi uşaqlarda zamanla zəifləsə də, digərlərində illərlə davam edə, hətta daha da güclənə bilər. Uşaq bu davranışı bilərəkdən deyil, çox vaxt fərqinə varmadan edir və onu sadəcə qadağa ilə dayandırmaq mümkün olmur. Dırnaq yemək çox vaxt narahatlıq, darıxma, qorxu və ya daxili gərginliklə bağlıdır”.

Ekspert qeyd edib ki, bu vərdişin davam etməsi fiziki problemlərə də yol aça bilər barmaqlarda yaralar yaranır, infeksiya riski artır:

“Bundan əlavə, uşaq özünü narahat hiss edir, əllərini gizlətməyə çalışır, bəzən isə yaşıdları tərəfindən xoş qarşılanmır. Bunun üçün valideynlər övladını mütəxəssis yanına aparmalı, onu narahat edən məsələləri araşdırıb, həll etməyə çalışmalıdır”.

Günel Cəlilova

0