Bir neçə il əvvəl ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə dizel mühərrikli avtomobillərin istifadəsinin tədricən məhdudlaşdırılmasının mümkünlüyü gündəmə gətirildi.
Bu gün dünyada baş verən proseslər həmin yanaşmanın nə qədər aktual olduğunu bir daha göstərir. Xüsusilə Avropanın bir çox ölkəsində dizel avtomobillərdən imtina ilə bağlı konkret planlar hazırlanır, bəzi şəhərlərdə isə artıq bu nəqliyyat növünə ciddi məhdudiyyətlər tətbiq olunur.
Əsas məqsəd havanın çirklənməsini azaltmaq, iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək və daha təmiz texnologiyalara keçidi sürətləndirməkdir. Azərbaycanda da bu istiqamətdə hər hansı bir işin görülüb-görülməyəcəyi müzakirələrə səbəb olub.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, dizel mühərrikli avtomobillərin yaxın dövrdə tam şəkildə dövriyyədən çıxarılması praktik baxımdan mümkün deyil:

“Hazırda dizel yanacağı xüsusilə ağır nəqliyyat, yük daşımaları və kənd təsərrüfatı texnikası üçün əsas enerji mənbəyi olaraq qalır. Bu sahələrdə elektrik və ya digər alternativlərin geniş tətbiqi hələ texniki və iqtisadi baxımdan yetərincə real görünmür. Dizel mühərrikli texnikanın birdən-birə sıradan çıxarılması iqtisadiyyatın bir çox istiqamətində ciddi çətinliklər yarada bilər. İndiki şəraitdə belə bir addımın atılması daha çox risklər və məhdudiyyətlər yaradar”.
Günel Cəlilova


