İnsan özünü necə tanımalıdır? – Psixoloqla MÜSAHİBƏ

MÜSAHİBƏ
13:00 / 01.05.2026
133

İnsanın özünü tanıması ömür boyu davam edən prosessidir. 

Özünü tanımağı bacaran hər insan daxilində olan bütün hissələrə bir növ bələd olur. Nədən qorxduğunu, duyğularını, düşüncələrini və s. anlamaqda çətinlik çəkmir. Bu həm də, gələcəkdə insanın qarşılacağı hadisələrdə ona kömək edir. Özünü dərindən dərk etmək hər kəsdə fərqli zaman dilimində baş verəsə də, bu proses insanın həyatında mühüm rol oynayır və onun düşüncə tərzini, qərarlarını və gələcək hədəflərini formalaşdırır... 

Psixoloq Nabat Mirzəyeva özünü dərketmə prosesilə bağlı Hit.az-a müsahibə verib: 

-    Nabat xanım, insan özünü necə tanımalıdır? 
-    İnsan özünü düşünməklə yox, yaşayaraq və müşahidə edərək tanıyır. Sözsüz ki, ilk növbədə yaşadığımız təcrübələr, keçirdiyimiz duyğular, yeni mühit, insanlar, fərqli işlər, duyğulara verdiyimiz refleksləri qeyd etməliyik. Həmçinin, qarşımızdakı insana verdiyimiz reaksiyaların nəticəsi, bizi nəyin xoşbəxt etdiyni və nəyin incitdiyini bilərək artıq özümüzü tanımağa başlayırıq. Nəticədə, özümüzü tanımağımız duyğularımızı və reaksiyalarımızı anlamaqdan keçir. Hansı ki, bu da özünü dərketmənin ilk mərhələsidir.

-    Başqalarının fikiri insanın özünü tanımasına necə təsir edir? 
-    Bu hər bir insana fərqli şəkildə təsir göstərir. Ancaq əsas olaraq iki cür təsir edir: müsbət və mənfi. Müsbət təsir olduğu zaman insan özünü həmin anda daha yaxşı hiss edir və bəzən özündə görmədiyi tərəfləri görə bilir, öz emosiyalarını anlayır. Digər tərəfdən isə bunun mənfi tərəfi var ki, burada insan artıq özünü başqalarının gözündə canlandırır. Fikirləşir ki, "məndən gözləntilər nələrdir?", "onlar məni necə görürlər?", "mən onlar üçün necə biriyəm?". Bir növ başqalarının fikrində özümüzü tapırıq.

Ümumiyyətlə, biz başqalarının düşüncələrinə çox önəm veririk. Balans olaraq, duyğularımızın, emosiyalarımızın bizə nə üçün yaxşı yaxud neqativ təsir etdiyinə nəzər yetirməliyik. Çünki emosiyalarımızı anlamaq özümüzü tanımaqdan keçir. Situasiyaya verdiyimiz münasibətdə özümüzü tanımağa başlayırıq.

-    İnsanın özünü tanıması neçə yaşdan başlayır?
-    Özünü dərketmə mərhələsi 2-3 yaşdan başlayır. Bu yaşda artıq insanda "mən varam" anlayışı yaranır. Sonrakı mərhələlərdə artıq uşaqlar özlərini 12 yaşa qədər daha da kəşf etməyə başlayırlar. Nələri sevdiklərini, xoşbəxt olduqda necə hissi keçirdiklərini, kefsiz olduqda necə olduqlarını nisbətən analiz edirlər.

12-18 yaşında isə "Mən kiməm" sualının axtarışına başlayırlar. Bu, ən kritik dövrlərdən biridir. Yəni, insan kimliyini, həyatdakı mövqeyini aydınlaşdırmaq istəyir. Bu da bir növ kimliyinin formalaşmasına kömək edir. Ən vacibi isə özünü tanımaq birdəfəlik proses deyil. Bu, ömür boyu baş verir. İnsan 20-dən 70 yaşa qədər özünü tanıyıb inkişaf etdirə bilər. Ömür boyu özünü və dünyasını tanımaq, emosiyalarını anlamaq, fərqindəlik yaşamaq hər yaşda mümkündür.

-    Bəzən valideynlər uşaqlarının gələcək peşəsinin nə olacağına qərar verərkən onların maraqlarını nəzərə almırlar. Nəticədə, o uşaq gələcəkdə peşəsini sevməyən insana çevrilir. Sizcə, valideynlər peşə seçimində uşaqlarına necə yanaşmalıdırlar?
-    Düzgün yanaşma müşahidə edilməli və məcburiyyət olunmamalıdır. Uşağın nəyə meyilli olduğuna, nəyi sevdiyinə, həmin məşğuliyyətin ona gələcəkdə hansı təsir göstərəcəyinə diqqət etmək lazımdır. Lakin qərar uşağın əlindən alınmamalıdır. Seçimlər göstərilməli və onların üzərindən addımlar atılmalıdır. Uşağa hansı ixtisasın daha yaxın olduğunu müəyyən etmək lazımdır. 

Qorxu ilə deyil, məlumatla yönləndirmək əhəmiyyətlidir. Məsələn, "bu peşədə qazanc yoxdur" demək yerinə real imkanlar izah edilməlidir. Uşağın şəxsiyyətini peşədən üstün tutmalıyıq. Biz uşağımızın keçirdiyi duyğularını üstün tutmalı, onu sevmədiyi peşəyə məcbur etməməliyik. Çünki həmin uşaq daxili boşluq və narahatlıq hissi keçirə bilər. Biz övladımızın yanında olmalıyıq. Çünki övladımızın özünün tanımadan seçdiyi hər şey bir müddətdən sonra ona ağır gəlməyə başlayacaq. 

Arzu İbrəhimova
 

0