Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində Rusiyanın əsas dəstəkçilərindən birinə çevrilib. Cənubi Koreya Milli Strateji Araşdırmalar İnstitutunun (INSS) qiymətləndirməsinə görə, 2023–2025-ci illər arasında Pxenyan Rusiyaya silah və hərbçilər göndərərək təxminən 14,4 milyard dollar dəyərində dəstək verib, qarşılığında isə Rusiya hərbi texnologiya və komponentləri ilə təmin edib.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Pxenyan Rusiyanı mərmi, raket və sovet tankları üçün ehtiyat hissələri ilə təmin edir, həmçinin oxşar xüsusiyyətlərə malik qısa mənzilli ballistik raketlər də göndərir. Seulun məlumatına görə, təxminən 15 min Şimali Koreya hərbçisi Ukrayna ordusunun hücumundan sonra Rusiyanın Kursk vilayətinə nəzarətin bərpasına yardım edib.
Qeyd olunur ki, bu əməkdaşlıq Şimali Koreya üçün siyasi və hərbi qazanc da yaradır. 2024-cü ildə Vladimir Putin və Kim Çen In qarşılıqlı müdafiə haqqında saziş imzalayıblar. Moskva Pxenyana gəmiqayırma və radioelektron mübarizə (RƏM) sahəsində dəstək verir, eyni zamanda Şimali Koreya hərbi əməliyyatlarda iştirak etməklə döyüş təcrübəsi qazanır və taktikasını sınaqdan keçirir.
Rusiya isə Şimali Koreyaya ərzaq, enerji resursları və xammal təmin edir ki, bu da ölkənin iqtisadiyyatını və hərbi, eləcə də nüvə potensialının inkişafını dəstəkləyir.
Eyni zamanda bu yaxın əməkdaşlıq Şimali Koreya üçün risklər də yaradır: Çinin narazılığı, insan itkiləri (Britaniya kəşfiyyatının hesablamasına görə 6 mindən çox yaralı və həlak olmuş hərbçi) və mümkün daxili narazılıq bunlara daxildir.
Məlumatlara görə, Pxenyan rəhbərliyi itkiləri “şəhidlər kultu”, muzeylər və hətta əsir düşmənin qarşısını almağa yönəlmiş “özünü partlatma” qaydaları ilə ideoloji şəkildə əsaslandırır.
Daha əvvəl bildirilmişdi ki, Kim Çen In Ukraynaya qarşı müharibədə həlak olan Şimali Koreya hərbçilərinin xatirəsinə ucaldılmış memorialın açılışında iştirak edib. Tədbir Pxenyanda keçirilib və Rusiyanın Kursk vilayətinə nəzarətin bərpasının ildönümünə həsr olunub. Mərasimdə Rusiya rəsmiləri də daxil olmaqla yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Vladimir Putinin tədbirdə oxunan müraciətində qeyd olunub ki, bu memorial iki ölkə arasında “dostluq və həmrəyliyin simvolu” olacaq.
Samir


