Son dövrlərdə cəmiyyətdə ciddi narahatlıq doğuran mövzulardan biri də məktəbli yaşlı uşaqların, xüsusilə azyaşlı qızların evdən uzaqlaşması hallarıdır.
Bu hadisələr artıq tək-tük baş verən istisna hallar kimi deyil, daha geniş miqyas alan və ictimai müzakirələrin mərkəzinə çevrilən bir problem kimi diqqət çəkir.
Təcrübə göstərir ki, bir çox yeniyetmə kənardan göstərilən diqqətə, xoş münasibətə və verilən vədlərə tez inanaraq düşünmədən qərar verə bilir. Onlar üçün bu sözlər bəzən çatışmayan qayğı və anlayışın əvəzi kimi görünür.
Digər tərəfdən, bu davranışı yalnız tənqid etmək də doğru yanaşma sayılmır. Çünki məsələnin kökündə çox vaxt emosional boşluq, anlaşılmamaq hissi və diqqətə ehtiyac dayanır. Yeniyetmə dövründə uşaqların psixoloji vəziyyəti daha həssas olur və onlar daha çox qəbul olunmağa, dinlənilməyə və qiymətləndirilməyə ehtiyac duyurlar.
Araşdırmalar zamanı müəyyən olunub ki, 14 yaşdan etibarən başlayan dövr uşağın həyatında ən həssas mərhələlərdən biri sayılır. Bu yaşdan sonra yeniyetmələrdə həm xarakter, həm də davranış baxımından ciddi dəyişikliklər baş verir. Məhz buna görə valideynlərin bu mərhələdə daha diqqətli, anlayışlı və ünsiyyətə açıq olması olduqca vacib sayılır. Uşağın yalnız maddi deyil, mənəvi ehtiyaclarının da qarşılanması, onunla sağlam dialoqun qurulması belə risklərin qarşısını almaqda mühüm rol oynayır.
14 yaş məsələsinə toxunmuşkən, son günlərdə baş verən bir hadisə də cəmiyyətdə ciddi narahatlıq doğurub. Belə ki, Ağdaş rayon sakini, 2007-ci il təvəllüdlü Y. Atayev və Yevlax rayon sakini, 2012-ci il təvəllüdlü T. Babayeva (soyadlar şərtidir) hamam otağında olarkən dəm qazından zəhərləniblər.
14 yaşlı qızın 19 yaşlı oğlanla eyni evdə olması və bu şəkildə həyatını itirməsi bir çox suallar doğurur. Bu hadisə bir daha göstərir ki, təəssüf ki, bəzi valideynlər gündəlik həyatın qayğılarına o qədər aludə olurlar ki, övladlarının kimlə ünsiyyət qurduğundan, kimlə yaxınlıq etdiyindən xəbərsiz qalırlar.
Nəticədə, emosional diqqət və qayğı çatışmazlığı yaşayan yeniyetmələr bu boşluğu bəzən tamamilə tanımadıqları insanlarda doldurmağa çalışırlar. Təəssüf ki, bu cəhdlərin sonu əksər hallarda faciə ilə nəticələnir.
Məlum hadisədə həyatını itirən 19 yaşlı oğlanla bağlı müxtəlif iddialar səsləndirilir. Lakin istənilən halda əsas məsələ valideyn nəzarətinin və diqqətinin vacibliyidir. Valideynlər övladlarının həyatında daha fəal iştirak etməli, onların həm sosial mühitinə, həm də psixoloji vəziyyətinə həssas yanaşmalıdırlar ki, sonradan peşmançılıq yaşanmasın, “dizlərinə döyməsinlər”.
Günel Cəlilova


