Seriallarda xəyanət TƏBLİĞ OLUNUR

SOSİAL
15:00 / 01.05.2026
115

Cəmiyyətimizdə bəzi seriallar birmənalı qarşılanmır.

Hər zaman ekran işlərindəki şiddət səhnələri müzakirə olunur. Lakin onun qədər təhlükəli olan başqa bir məqama diqqət etmirik. Bu, seriallarda artan xəyanət səhnələridir. Demək olar ki, hər serialda xəyanət mövzusu istifadə olunur. İstər yerli, istərsə də türk seriallarında bunu görə bilirik. İşin ən pis tərəfi isə xəyanətin adiləşdirilməsidir. Yəni həyat yoldaşını aldatmağı normal bir şey kimi təsvir edirlər. Bu isə cəmiyyətin düşüncələrinə birbaşa təsir edir...

Psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında bildirib ki, seriallarda çəkilən xəyanət real həyatdan götürülüb:


“Yəni bu hal seriallarda çoxalmayıb. Çox təəssüf ki, xəyanət hər zaman insanların həyatlarında özünü göstərir. Burada olan əsas məsələ, normalizasiya prosesidir. Həyatda insan bir çox situasiyalarla qarşılaşa bilər, amma normal olmayanı hamı pisləyər. Lakin əfsuslar olsun ki, bəzi seriallarda bu hal sevgi, cəsarət, saflıq kimi tərənnüm olunur. 

Nəticədə, mənfi olan bir prosesi yeniyetmə və ilkin gənclik dövrünü yaşayan şəxslər, o cümlədən beyin strukturu inkişaf etməmiş yetkinlər onu normal bir hal kimi qəbul edir. Ən bərbadı da xəyanət məsələsindən savayı, keşmiş cütlüklərin bir masa arxasında şam yeməyi yeməsidir”. 

Ekspert qeyd edib ki, bu kimi “geniş” mənliyin təbliğatı doğru deyil:
“Bu, sadəcə qeyri-səmimi qrupun varlığıdır. Məsələn, biz terapiya zamanı insanlar nədən qorxur və həyəcanlanırsa müxtəlif metodlarla dəfələrlə onu xəyalında canlandırmağı məsləhət görürük. Ya şəklini çəkir, ya o hekayəni danışır, ya da həmin günü düşünür və s. Gedişat metodikadan asılıdır.

Əsas məqsəd situasiyanı danışanın gözündə adiləşdirməkdir. İndi siz bir düşünün əxlaqsızlığın təbliği seriallarda romantik musiqi sədaları altında saf sevgi, həyati qurtuluş və s. romantik tərzdə təbliğ olunaraq insanların düşüncəsində adiləşərsə bu da “hamı edir, normaldır” fikrini yaradar”.

Psixoloq söyləyib ki, insanların xəyanət etmə səbəbini anlaya bilmir:
“Buna izah da verə bilərəm. Düzdür, hər kəsin fərdi həyat tərzi var, amma seriallarda xəyanəti bu qədər təbliğ etmək doğru deyil. Hərçənd ki, hər məsələni də serialların üzərinə atmaq düzgün olmaz. Lakin serialların xəyanəti təbliğ etməsi ümumiyyətlə doğru deyil. Ümumilikdə isə insanları seriallardan daha çox pozan valideyn məsuliyyətsizliyidir. 

Zatən şəxsiyyəti bütöv, yekunlaşmış şəxslərə bu cür təsir etmək mümkün deyil. Bizim narahat olduğumuz dövr yeniyetməlik dövrüdür, uşaqlar özünü yetkin olduqlarını sübut etmək üçün bu cür addımlar ata bilərlər. Bütün yük valideynlərə və müəllimlərə düşür. Ona görə də ünsiyyət və sevgini uşaqlardan əsirgəməyin”.

Pərviz


 

0