“Psixologiyada çox nadir rast gəlinən sindromlardan biri də Yad əldir”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Yad əl sindromu psixologiya və nevrologiyanın kəsişdiyi nadir amma olduqca maraqlı bir haldır:
“Bu vəziyyətdə insan öz əllərindən birini özünə aid deyilmiş kimi hiss edir və o əl bəzən sahibinin istəyi olmadan hərəkətlər edir. Sanki şüurla bədən arasında əlaqə qırılır və əl müstəqil qərarlar verir. Əslində, bu sindromun yaranmasının əsas səbəbi beyində hərəkəti idarə edən sahələr arasında əlaqənin pozulmasıdır. Xüsusilə sağ və sol yarımkürəni birləşdirən strukturlar zədələndikdə, məsələn, travma, insult və ya cərrahi müdaxilə sonrası insanın hərəkət üzərində nəzarəti zəifləyə bilər. Nəticədə, əl məqsədli, amma iradədən kənar hərəkətlər edir”.
Ekspert qeyd edib ki, bu, psixoloji deyilmiş kimi görünsə də, insanın bunu qəbul etmə və anlamlandırma prosesi psixoloji gərginlik yaradır:
“Sözügedən sindrom psixoloji baxımdan insanda güclü narahatlıq, qorxu və nəzarəti itirmə hissi yaradır. İnsan öz bədəninə belə etibar edə bilmədiyini düşünür və bu da daxili parçalanma hissinə səbəb olur. Bəzi hallarda bu vəziyyət dissosiasiya ilə qarışdırıla bilər, çünki insan öz bədəninin bir hissəsini özündən ayrı kimi yaşayır”.
Psixoloq bu sindromun yaranma səbəbləri barədə də danışıb:
“Onun yaranma səbəbləri arasında beyin zədələri, nevroloji xəstəliklər, beyin əməliyyatları və nadir hallarda ağır psixoloji travmalar yer ala bilər. Uşaqlıqdan gələn səbəblər birbaşa olmasa da, stresə qarşı həssas sinir sistemi bu cür halların psixoloji qəbulunu daha çətin edə bilər. Bu sindromdan tam xilas olmaq hər zaman mümkün olmasa da, vəziyyəti idarə etmək mümkündür. Nevroloq və psixoloq birlikdə işləməlidir”.
Zəhra Zahidova vurğulayıb ki, müalicə əsasən beyin funksiyalarını dəstəkləyən terapiyalar, bədənə yenidən nəzarəti öyrədən məşqlər və davranış texnikaları üzərində qurulur:
“Məsələn, insan yad hərəkət edən əli məşğul saxlamaq üçün onu müəyyən bir obyekt tutmağa yönləndirə bilər. Bu, beynin diqqətini yönləndirərək nəzarəti artırır. Unutmayın ki, psixoloji dəstək isə burada çox önəmlidir. İnsan bu halın dəli olmaq deyil, nevroloji bir vəziyyət olduğunu anladıqca qorxu azalır. Meditasiya, diqqət toplama məşqləri və bədən fərqindəliyini artıran texnikalar da faydalı ola bilər.
Nəticə olaraq yad əl sindromu insanın öz bədəni ilə münasibətini sarsıdan bir haldır. Lakin düzgün yanaşma ilə insan bu vəziyyətlə yaşamağı və onu idarə etməyi öyrənə bilər. Burada ən vacib şey qorxudan çox anlayış və qəbuldur çünki bəzən nəzarəti geri qaytarmağın ilk addımı onu itirdiyini sakitcə qəbul etməkdir”.
Pərviz



