ABŞ Prezidenti Donald Tramp tərəfindən komandasına İrana qarşı uzunmüddətli blokada planlarının hazırlanması tapşırılıb.
“The Wall Street Journal” nəşrinin məlumata əsasən, ABŞ rəhbərliyi İranla bağlı hərbi eskalasiya və ya birbaşa zərbə ehtimalını nisbətən daha riskli variant kimi qiymətləndirir və hazırkı mərhələdə iqtisadi təzyiq və məhdudlaşdırıcı tədbirlərə üstünlük verir.
Maraqlıdır, Trampın İranla bağlı tapşırığı hansı nəticələrə səbəb ola bilər?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMT)-nin rəhbəri Mətin Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, Donald Tramp administrasiyası İrana qarşı blokada strategiyası həyata keçirir:

“Bunun məqsədi İranın dünya ölkələrinə, xüsusilə də neft məhsullarının ixracını məhdudlaşdırmaqdır. Bu isə İran iqtisadiyyatı üçün ciddi zərbə hesab olunur. Tramp və onun komandası hesab edir ki, belə bir taktika ilə İran iqtisadiyyatını zəiflətmək mümkündür”.
Ekspert vurğulayıb ki, statistik göstəricilərə əsasən, İranın əsas ixrac marşrutu Hörmüz boğazı vasitəsilə həyata keçirilir:
“Bu boğazda və limanlarda məhdudiyyətlərin yaradılması İran iqtisadiyyatı üçün ciddi təhlükə yaradır. Məhz bu səbəbdən ABŞ hazırkı mərhələdə blokada siyasətini gücləndirməyə və siyasi-diplomatik təzyiqləri artırmağa üstünlük verir. Onların fikrincə, bu yanaşma İranı daha tez kompromisə getməyə məcbur edə bilər”.
Günel Cəlilova

