Toyu xatırladan bahalı ad günlərinə nə ehtiyac var?

SOSİAL
13:15 / 01.05.2026
113

Son dövrlərdə cəmiyyətdə yeni bir tendensiya açıq şəkildə hiss olunur, ad günləri artıq sadə yığıncaq olmaqdan çıxaraq, böyük və bahalı mərasimlərə çevrilir. 

Bu hal təkcə məşhurlar arasında deyil, gündəlik həyat yaşayan insanlar arasında da getdikcə daha çox yayılır. Bəzi məclislər isə o qədər geniş təşkil olunur ki, ölçü və təmtəraq baxımından toyları belə geridə qoyur. 

Bu halın geniş yayılması məşhurlara özənməklə bağlıdır yoxsa başqa səbəblər var?

Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında deyib ki, bu anormallıq sindromudur: 

397993

“Çünki düşüncə və intellekt baxımından aşağı səviyyəli fərdlər ancaq bu şəkildə şıdırığı barbarlıq nümayiş etdirirlər. Hətta iş o yerə çatıb ki, ölkəmizdə öz övladı və xanımı bir yana, qapıda saxladığı itinə belə ad günü keçirən, bunu şoulaşdıran və haqlı olaraq da ictimai etirazlara səbəb olan anormal fərdlər mövcuddur. Təəssüf ki, bu tiplərin sayı hər gün artmağa başlayıb. Acı da olsa etiraf etməliyəm ki, “mənim pulum var, hər şey edə bilərəm” deyimi ancaq barbar cəmiyyətlərə və şəxslərə məxsus “keyfiyyətdir” və bu arzuolunmaz mənzərə bizim cəmiyyəti də başına götürüb gedir. Bu məqam olduqca düşündürücü faktdır. Çünki insanların dolanışıq çətinliyi çəkdiyi bir vaxtda milyonlarla manat xərclənərək edilən şou-mərasimlər, anormallıq dərəcəsinə çatan hərəkətlər insanlarda ciddi narazılıq doğurur”.

Onun sözlərinə görə, ortada olan gerçək durum var və onu gözardı etmək olmaz:

“Bu məmləkətdə pul qudurdan “təbəqədən” fərqli olaraq, bütün əxlaq parametrlərinə görə harınlamışların özlərindən və övladlarından üstün olan böyük insan kütləsi yaşayır. İşsizlik və sosial problemlərə görə sabaha olan inamını tamamilə itirən, pulsuzluqdan heç bir restoran qapısı tanımayan, cibində yalnız avtobus və metro kartı gəzdirən diplomlu insan toplumu üçün bu cür şoular qıcıqlandırıcı və xoşagəlməz situasiyadır”.

Ekspert sözlərini belə yekunlaşdırıb:

“Təsəvvür edin ki, heç bir ali təhsili olmayan, adicə öz ad-soyadını dəftərə köçürə bilməyən, Dubayı Avropa paytaxtı adlandıran “müğənniciklər” 300-400 min dollarlıq maşınlarda gəzir, bahalı restoranlarda hətta öz itlərinə belə ad günləri keçirirlər. Bu fakt bir cəmiyyət üçün dəhşətli dərəcədə anormaldır. 

Bir çoxları öz var-dövlətlərini nümayiş etdirmək üçün, bir qalan qismi də pul yığmaq üçün bu cür ad günləri keçirirlər. Xüsusilə toylarda fonoqramma ilə yalandan ağzını marçıldadıb milyonlar qazanan, amma heç bir vergiyə cəlb olunmayan “müğənniciklər” daha görməmiş şəkildə rəzil azğınlıq göstərir”.

Günel Cəlilova

0