“Son zamanlarda “Fənərbaxça” ətrafında cərəyan edən hadisələr fərqli məcraya yönəlib”.
Bu sözləri “CBC Sport” telekanalının və “Footcast TV”-nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, klubda rəhbərlik və texniki heyətlər dəyişsə də, sintezi, uyğunlaşmanı istənilən səviyyədə icra etməkdə problemlər yaşanır:
“Mövsümün əvvəlində seçkilər keçirildi və Ali Koç dönəmi başa çatdı. Lakin Koçun son dönəmində Domeniko Tedeskonun komandaya baş məşqçi təyin edilməsi, yeni prezident Səadəttin Saran üçün alternativlər ortaya çıxara bilmədi. Yeni müqavilə imzalanan Tedeskonu yola salmaq üçün ona külli miqdarda təzminat ödəmək özü ilə müəyyən problemləri də bərabər gətirəcəkdi. Ona görə də Saran öz seçmədiyi məşqçi ilə yola davam etdi”.
Ekspert qeyd edib ki, “Fənərbaxça”nın başına yerli mütəxəssin gətirilməsi ilə bağlı ciddi təzyiq var idi:
“Hətta hər bərabərlikdən və məğlubiyyətdən sonra mətbuatda dərc edilən yazılar problemlər yaradırdı. Buna baxmayaraq, Səadəttin Saran Tedeskonun arxasında dayandı, onun uğurlu nəticə qazanması üçün hər fonda dəstək oldu. Amma çox təəssüflər olsun ki, komandada bir neçə türk futbolçunun heyətdən müvəqqəti uzaqlaşdırılması bəzi xoşagəlməz hadisələr yaşandı. Əslində, ötən ilin sonu İstanbul klubu yaxşı çıxış edirdi. Oyun və sistem olaraq çox fərqli bir “Fənərbaxça” izləyirdik”.
Həmsöhbətimizin sözlərinə görə, hücum fazasının kifayət qədər yetərli olmaması oyun planının axsamasına səbəb olurdu:
“Hücum xəttində olan Duran və En-Nesiri oyun şablonunda ön plana çıxmaq və faydalı iş əmsalını ortaya qoymaq baxımından problem yaşayırdılar. Bunun üçün də Tedesko fərqli hücumçular istədi, amma bu oyunçular göndərildi, yerinə isə yarımmüdafiə mərkəzində kifayət qədər bol alternativin olmasına baxmayaraq Kante və Guendouzi transferləri reallaşdırıldı.
Təbii ki, bu transferlərin fonunda digər yarımmüdafiədə yer alan oyunçuların müəyyən etirazlarına səbəb oldu. Məsələn, İsmail Yüksək kimi oyunçu profili kim gəlirsə-gəlsin bu komandanın ən önəmli parçası olmağa davam etməli idi. Lakin baş məşqçi bunu etmədi və fərqli isimlərə yönəldi. Təbii ki, yenə də oyun olaraq, sistem olaraq yaxşı təsir bağışlasa da, hücum fazasında o yetərliliyi göstərə bilmədi”.
Elçin Cəfərov vurğulayıb ki, “Qalatasaray” “Fənərbaxça” üçün çox önəmli fürsətlər yaratdı:
“Onlardan ən əsası “Cim-Bom”un ardıcıl oyunlarda xallar itirməyi idi. “Fənərbaxça” isə bu şansdan yararlana bilmədi. Məsələn, “Fatih Karagümrük” matçındakı məğlubiyyətdən sonra Tedeskonun göndərilməsi gündəmdə idi. Bəlkə o matçdan sonra Aykut Kocaman və ya İsmail Kartal baş məşqçi təyin olunsa “Qalatasaray”ın Viktor Osimhenin zədələnməsindən sonra xallar itirdiyi periodda “Fənərbaxça” çempionluq şansını son matça qədər saxlayardı.
Bax, bu çox önəmli detaldır. Həmin vaxt idarə heyətinin üzvlərinin bir neçəsinin də israrına rəğmən Səadəttin Saran Tedesko ilə davam etməyə qərar verdi. Düzdür, Tedesko kifayət qədər uğurlu idi. Sadəcə olaraq əlindəki oyun sisteminə və strategiyasına uyğun oyunçu profillərinin olmadığını demək lazımdır”.
Mütəxəssis “Fənərbaxça”nın yeni baş məşqçisinin kim olacağı barədə isə bunları deyib:
“Yayda keçiriləcək prezident seçkilərindən sonra “Fənərbaxça”nın yeni baş məşqçi məlum olacaq. Hazırda yenə də xarici mütəxəssisin gətirilməsi gündəmdədir.
Bir müddətdir Antonio Kontenin adı hallanır. Amma məncə, 12 ildir çempionluq üzünə həsrət qalan klub üçün tək çarə yerli mütəxəssisdir. Çünki yerli mütəxəssis həm meydan içi, həm meydandan kənar hadisələri çox yaxşı icra etməyi bacarır, mentaliteti və necə uğur qazanmaq lazım olduğunu bilir.
Bu fonda “Qalatasaray”ın Okan Buruk seçimini nümunəsini göstərə bilərik. “Fənərbaxça” da bu cameəinin ən önəmli isimlərinə güvənməlidir. Məsələn, Abdullah Avcının çox uğurlu seçim olacağını düşünürəm. O, “Fənərbaxça”nı çempionluğa apara biləcək mütəxəssisdir. Bəlkə də yeni rəhbərlik onunla danışıqlar aparar”.
Elmir Mustafa



