SİYASƏT
11:19 / 22.10.2022
835

İranın Azərbaycana qarşı infotəxribat şəbəkəsi: Təsir agentləri kimlərdir?

İranın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də informasiya cəbhəsidir: media resursları, "Facebook”, Telegram, İnstagram, Youtube sosial şəbəkələri bu siyasətin əsas platforması olaraq istifadə edilir.

Azərbaycan ictimai rəyini zəhərləməyə hesablanmış bu siyasət iki əsas istiqamətdə ibarətdir:

Birincisi, din, şiə məzhəbi və Əhli-Beyt sevgisini manipulyasiya etməklə Azərbaycanın inanclı kəsimi üzərində təsirə nail olmaq;

İkincisi, Azərbaycan dövləti və hakimiyyətinin anti-İslam imicini formalaşdırmaq, Türkiyə və İsraili "anti-Azərbaycan” kimi göstərmək və İranı "xilaskar” kimi təqdim etmək;

Təbliğat xüsusilə din və Əhli-Beyt məsələsi üzərində qurulduğu üçün ayətullahlara bağlı vaizlərin oxuduğu moizələrin inanclı kəsimə təsir gücü daha çox olur, bəzi hallarda insanların milli kimliyi dini kimliyə qurban verməsinə qədər gətirib çıxarır. İranın informasiya-təbliğat siyasətinin metodu bu ölkənin dini də, Əhli-Beyt eşqini də öz siyasi maraqlarına alət etdiyini göstərir.

Və bəllidir ki, İranın həyata keçirdiyi uzunmüddətli siyasətin nəticəsində Azərbaycanda bu ölkənin "5-ci kalonu” formalaşıb və adətən İran maraqları müzakirə mövzusu olanda xüsusilə sosial şəbəkələr üzərindən aktivləşdirilir.

Bu şəbəkənin "yeraltından çıxışı”na 2015-ci ildə Nardaran hadisələri zamanı şahidlik etdik. Əsas rupor rolunda İsgəndər Hüseynzadə və onun rəhbərlik etdiyi media resursları – "nur-az.com” saytı və media resursunun eyniadlı "Facebook” səhifəsi çıxış edirdi.

İsgəndər Hüseynzadə 1966-cı ilin 27 yanvar tarixində Cəlilabad rayonunda anadan olub. 1996-cı ildə ailəsi ilə birlikdə İranın Qum şəhərinə köçüb. 2008-ci ildə onun haqqında "Dövlətə xəyanət” və "Terrorçuluq” maddələri ilə cinayət işi açılıb. Həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. O, Qumda fəaliyyət göstərən "Nur” elmi-mədəni müəssisəsinin rəhbəridir. "Nur-az.com” saytı da bu müəssisənin media orqanı olaraq fəaliyyət göstərir. Bu sayt və eyni adlı "Facebook” səhifəsi Azərbaycan dövlətinin əleyhinə informasiya təbliğatını həyata keçirir və 2018-ci il Gəncə hadisələrinə qədər İran maraqlarının müdafiəsində aparıcı media resursu olaraq istifadə edilirdi.

İsgəndər Hüseynzadə keçmiş Azərbaycan vətəndaşı Tohid İbrahimbəyli tərəfindən yaradılan və Qumda fəaliyyət göstərən "Huseyniyyun” (Hüseyniçilər) terror qruplaşmasının da əsas rəhbərlərliyində təmsil olunur. Gəncə terrorunun təşkilatçısı olan qruplaşma üzvləri 2018-ci ilə qədər eyni informasiya resursunu – "nur-az.com”u əsas platforma olaraq istifadə etsələr də, sonradan bu sayt və eyniadlı sosial şəbəkə arxa plana keçdi. Bu addımla bağlı birdən çox versiya var:

- Gəncə hadisələrinin planlaşdırıldığı kimi baş tutmaması İranın dini dairələrinin "Huseyniyyun” qruplaşmasına ciddi etirazına səbəb olub və "günahkar” axtarışına görə qruplaşma üzvləri arasında fikir ayrılığı yaranıb: İsgəndər Hüseynzadə Tohid İbrahimbəyli ilə müəyyən qədər uzaqlaşdı;
- Gəncə hadisələrinin baş tutmamasından sonra İranın Azərbaycana qarşı siyas-informasiya hücumlarına ara vermək qərarı qruplaşma üzvlərinin də "kölgəyə” çəkilməsinə səbəb oldu: İranın hücumlarını səngitməsi Azərbaycandakı şəbəkəsinin ifşa olunmasının qarşısını almağa da hesablanmışdı;

2018-ci ildən 2020-ci ilə qədər İranın "Azərbaycan legionu” həqiqətən də əmmamələrinə bürünüb oturmuşdular.

Bu dövr ərzində İsgəndər Hüseynzadənin "nur-az.com” saytının girişi bloklanıb, lakin o Azərbaycan auditoriyasına çıxış üçün "xeber.nur-az.com” saytını əlavə resurs olaraq yaradıb və əvvəlki missiyaya sadiq qalaraq, İranın maraqlarının müdafiəsinə, Azərbaycana qarşı təbliğata davam edir, hərçənd, bir qədər yumşaq formada...

İ.Hüseynzadə, həm də İranın informasiya şəbəkəsi üçün "itkilər”dən biri də "sizinyol” saytının rəhbəri Şamxal Eyvazovun 2018-ci ildə narkotika saxlamaq ittihamı ilə həbs edilməsi idi. Cəlilabad rayonununda olan Ş.Eyvazov Qumda təhsil aldıqdan sonra Azərbaycana qayıdıb və İranın ölkəmizdəki informasiya təbliğatını həyata keçirib. Bu işdə onun əsas kuratoru da qayınatası olan İ.Hüseynzadə idi.

2018-2020-ci illər arasında "Huseyniyyun” qruplaşmasının digər üzvləri də Tohid İbrahimbəyli başda olmaqla fəaliyyətlərini "dondurmuşdu” və daha çox dini moizələrlə çıxış edirdilər.

2020-ci ilin Tovuz döyüşləri zamanı İran şəbəkəsi fəaliyyətini aktiv mərhələyə keçirdi və əsas platforma olaraq sosial şəbəkələr seçildi, çünki Azərbaycan dövləti əleyhinə təbliğat aparan media resurslarına giriş çətinləşmişdi. 44 günlük müharibədə Azərbaycan xalqının birliyi bu şəbəkəni müvəqqəti "atəşkəs” elan etməyə məcbur etdi, müharibədən sonra isə daha kəskin formada təbliğata davam edirlər.

Və aparıcı rolda "Huseyniyyun” qruplaşmasının rəhbərliyi – Tohid İbrahimbəyli, Orxan Məmmədov, Musa Əsədzadə, Rövşən Əsədov, Əkrəm Hacızadə və digərləridir. Tohid İbrahimbəylinin "Huseyniyyun” terror qruplaşmasının yaradılmasında əsas dəstəyi artıq həyatda olmayan Qasım Süleymanidən alıb. Bu şəxs yaratdığı terror qruplaşmasına Qumda təhsil alan azərbaycanlı tələbələri cəlb edərək, əvvəlcə Suriyada İrana bağlı dəstələrin döyüşlərində iştirakını təşkil edib və əsas plan Azərbaycanda hazırlanan təxribata hazırlıq olub. Terror qruplaşmasının üzvü Yunis Səfərovun Gəncədə həyata keçirdiyi terror bu planın tərkib hissəsi idi.

Hazırda şəbəkənin Azərbaycan auditoriyasına hesablanan informasiya resurslarının sayı onlarladır, xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyətini geniş şəkildə qurublar:

Youtube platformasında kanalları:

1. "Müsəlman xalq” - "Azərbaycan araşdırma mərkəzi”
2. "Az-Rad Tv”
3. "Kərimə dövləti”
4. "Həqiqətləri bil”
5. "Əmmar Media”
6. "Əli Aşiqləri_313”
7. "Virtual müqavimət”
8. "HuseyniyyunTv”
9. "HİCAB.AZ313”
10. "Yağlı Xəbər Plus”

"Facebook” platforması:

1. "Huseyniyyun” qruplaşması üzvlərinin şəxsi hesabları
2. "İslam-Eşq Dini” səhifəsi
3. "Həqiqətləri bil” səhifəsi
4. "Azeri İslam Group”
5. "Kərimə dövləti” səhifəsi

Və müxtəlif dini adlar altında yaradılan onlarla səhifələr, qruplar üzərindən təbliğat aparırlar. Buna pralel olaraq, minlərlə feyk profillərdən qurulan "troll ordusu” da fəaliyyət göstərir.

Şəbəkə İnstagram və Telegramdan da aktiv iştirak edir. Youtube və "Facebook”da yaradılan səhifələrin, kanalların instagram və telegram kanalları da mövcuddur. Eyni zamanda, terror qruplaşmasının üzvləri adlarının əvvəlinə "şeyx” ayamasını yapışdıraraq, telegram kanalları istifadə edir, misal üçün, "@tohidibrahimbeylincixishlari” və s.

"Huseyniyyun” terror qruplaşmasının üzvlərinə Azərbaycan qanunvericiliyi ilə cinayət işi açılıb, lakin İran indiyə qədər özünün "təsir agentlərini” təhvil verməkdən imtina edir. Əksinə, onların Azərbaycana qarşı informasiya-təbliğat hücumlarını daha da aktivləşdirib.

Diqqətçəkən əsas məqamlardan biri də İrana bağlı şəbəkənin separatçılıq fəaliyyəti ilə məşğul olan şəbəkə ilə informasiya hücumlarında koordinasiyalı hərəkət etməsidir. Misal üçün, separatçı, zaman-zaman Ermənistana səfər edən və bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığı məlum olan Zabil Məhərrəmov (Madoj) "Huseyniyyun” qruplaşmasının aktiv dəstəkçisidir, o cümlədən, bu dəstək qarşılılı şəkildə verilir. Bu şəbəkədə separatçı Boris Talışıniski və başının dəstəsi də daxildir. Əsasən rus və fars dillərində məlumatlar paylaşımlar edən "Talışskaya pravda” (t.me/Talyshskaya_pravda) telegram kanalı da İranın təbliğatını həyata keçirir.

İran resurslarını səfərbər edərək, bütün istiqamətdə Bakıya qarşı düşmənçilik siyasətini Azərbaycan ictimai rəyinə sırımağa çalışır və bu işdə "azərbaycanlı” adını daşıyanlardan istifadə edir.

İnformasiya hücumunun əsasən sosial mediaya transfer edilməsinin səbəbi təkcə bu platformanın populyar olması yox, həm də media resurslarına girişin məhdudlaşmasıdır: nur-az.com, deyerler.az, maide.az, ehlibet.info, shia.az, islaminsesi.org kimi saytlara bloklanıb, hərçənd, bu saytların bəziləri (islamınsesi.org, maide.az və ehlibeyt.az) sosial şəbəkələr üzərindən fəaliyyətlərini və eyni təbliğatı davam etdirir. Bununla yanaşı, şəbəkəyə daxil olan bəzi saytlar xəbər və təbliğat siyasətini müəyyən qədər yumşalma üzərindən qurmaqla İranın maraqlarının müdafiəsini təşkil edirlər və istisna deyil ki, lazım gələndə bu media resursları daha radikal fəaliyyət xəttinə qayıdacaqlar: vaxtilə Tohid İbrahimbəylinin müsahibələrini tirajlayan "islamazeri.com” onlardan biridir.

Göründüyü kimi, Azərbaycana qarşı İranın "5-ci kalonu” aktiv fəaliyyət göstərir, son günlər hücumların intensivləşdiyi də müşahidə edilir. Bu şəbəkə ilə mübarizənin yollarından biri də onları istifadə etdikləri informasiya resurslarındən məhrum etməkdir. Əks təqdirdə Azərbaycan ictimai rəyini zəhərləməyə davam edəcəklər.

Asif Nərimanlı

0