SİYASƏT
12:29 / 08.11.2022
401

Soçidən sonra Vaşinqton görüşü: Məqsəd nədir?

"Tərəflərin Vaşinqton görüşü bilavasitə Soçi görüşü ilə əlaqədardır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında baş tutan üçtərəfli görüşü şərh edərkən deyib.
 
Ekspert bildirib ki, Vaşinton ilin sonuna qədər tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqla Moskvanı prosesdən bütövlükdə çıxarmağı düşünür:
 
"Soçi görüşündə irəliyə doğru addım atılmadı. Həmin görüş onu da göstərdi ki, Rusiyanın münaqişə tərəflərinə təsir imkanları azalıb. Əlbəttə ki, ABŞ bu fürsəti əldən verməyəcəkdi. Vaşinton ilin sonuna qədər tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqla Moskvanı prosesdən bütövlükdə çıxarmağı düşünür. Yaranmış vəziyyətdə ABŞ dərhal hərəkətə keçməklə Qərbin bu günə qədər əldə etdiyi üstünlükləri daha da inkişaf etdirmək istədi. ABŞ-ın prosesdə iştirakı əhəmiyyətlidir. Çünki Ermənistanın indiki zəif vəziyyətində Nikol Paşinyan rəhbərliyinə müəyyən mənada ürək-dirək verilməlidir ki, sülh müqaviləsinin imzalanması prosesi həyata keçsin”. 
 
 
Natiq Miri bildirir ki, Vaşinqton görüşü də hər şeyin rəvan getdiyini iddia etməyə əsas vermir:  
 
"Azərbaycana Rusiya, İran, Fransa və ABŞ tərəfindən ciddi təzyiqlər edilir. Erməni mətbuatı isə Azərbaycanın Goranboy, Tərtər, Daşkəsən rayonlarının işğal olunacağı ilə bağlı informasiyalar yayır. Bunların heç biri təsadüfi deyil. Ona görə də Vaşinqtonda hər hansı bir sənədin imzalanmasını gözləmirdim. Necə ki, bu da olmadı. Sülh müqaviləsinin mətnilə bağlı razılaşmalar olacaqsa, bu noyabrın sonunda iki dövlət başçısının Brüssel görüşü ilə mümkün olacaq. Onun üçün də mütləq mənada Vaşinqtonda müəyyən razılaşma və uzlaşmalara, bu istiqamətdə ABŞ-ın təminatına ehtiyac var idi. Düşünürəm ki, məsələ yalnız bu yöndə inkişaf edə bilər”. 
 
Həmsöhbətimiz düşünür ki, konkret Qarabağ məsələsinin sülh müqaviləsinin mətnində birmənalı qeyd edilməsi çətin olacaq:
 
"Çünki bu cür məqamların yer alması fonunda sülh müqaviləsini ABŞ-ın istədiyi kimi ilin sonunadək bağlamaq mümkün olmayacaq. Qərb prosesi tələsdirir ki, Rusiya Ermənistanda hakimiyyət çevirilişi həyata keçirmədən prosesi başa çatdırsın. Ona görə də Vaşinqton görüşünün ciddi nəticə vermədiyini zənn edirəm. Buradan irəli gələn nəticələrin nələrdən ibarət olduğunu iki dövlət başçısının Brüssel görüşündən birmənalı olaraq biləcəyik”.
 
 
Qeyd edək ki, noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş baş tutub. Dövlət Departamentinin təşəbbüsü ilə Ağ Evin tarixi rəsmi qonaq evi "Blair House”da baş tutan görüşdə Blinken Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin "cəsur addımları”nı yüksək qiymətləndirdiyini bildirib: "Hazırda gördüklərimiz hər iki ölkənin keçmişi geridə qoyması və davamlı sülhə doğru çalışması üçün real addımlar və cəsarətli addımlardır. Həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar bu səylərdə sizə dəstək olmaq üçün əlimizdən gələni etmək əzmindədir”.
 
 
Azərbaycan XİN-dən bildirilib ki, tərəflər danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.
 
Ceyhun Bayramov görüşlə bağlı açıqlamasında bunları deyib: "Mən bir daha Azərbaycanın Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu bəyan etdim, həmçinin bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”.
 
0