Ketrin Kolonnanın Bakı səfərindən nə gözlənilir?

SİYASƏT
18:23 / 27.04.2023
963

Xəbər verdiyimiz kimi, Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycana səfər edib. Prezident İlham Əliyev fransalı naziri qəbul edib. Ketrin Kolonna həmçinin səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. 

Fransanın XİN rəhbəri bildirib ki, Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir. Onun sözlərinə görə, Fransa Azərbaycanda və Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir.

Qeyd edək ki, Emmanuel Makronun ermənipərəst mövqeyinə görə son zamanlarda Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yaşanır.

Bəs Fransın XİN rəhbərinin ölkəmizə səfərindəki məqsəd münasibətləri düzəltməkdir? Rəsmi Paris qərəzli siyasətindən əl çəkəcək?

Mövzu ilə bağlı HİT.az saytına açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, Fransanın mövqeyində heç bir prinspial dəyişiklik ola bilməz:

"Fransa ermənipərəst bir dövlət olaraq daim Ermənistanın maraqlarını qoruyur. Düşünürəm ki, Fransa həmişə bu rolda olan ölkə olaraq da qalacaq. Sadəcə olaraq, onların son iki il ərzində atdığı addımları heç bir fayda vermədi. Yəni erməni kartından istifadə edən rəsmi Paris regionda öz maraqlarını qorumaq istəyirdi. Hətta bu məsələdə Azərbaycanla bazarlıq etməyə cəhd göstərirdi. Bütün bu "şou"ların arxasında Ermənistana dəstək kampaniyası ilə Azərbaycana təzyiq mexanizmi işə salmaq dayanırdı. Bu, onların rəsmi Bakını hansısa Parisin maraqlarına uyğun güzəştlərə getmək üçün bir layihəsi idi. Amma o da alınmadı".

Politoloq vurğulayıb ki, Fransanın ermənipərəst mövqeyi dəyişməyəcək:

"Yəqin ki, layihəsinin alınmadığını anlayan Fransa yeni mərhələdə hansısa ümumi məsələlərdə Azərbaycanla bağlı qərara gəlmək istəyir. Ola bilər ki, danışıqlar vasitəsi ilə toqquşan maraqlarla bağlı müzakirə aparmaq istəyiblər. Buna baxmayaraq, Fransanın strateji olaraq ermənipərəst mövqeyini dəyişəcəyini zənn etmirəm". 

Pərviz

0