Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi hansı xəritələr əsasında aparılmalıdır?

SİYASƏT
14:29 / 08.06.2023
797

"Azərbaycan ilə Ermənistan arasında hazırda ən böyük mübahisəli məsələlərdən biri şübhəsiz sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir".

Bu sözləri HİT.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O bildirib ki, Rəsmi Bakı və İrəvan sərhədlərin hansı xəritələr əsasında təyin edilməsində ortaq məxrəcə gələ bilmir:

327612

"Hesab edirəm bu məsələnin həlli üçün iki ölkə arasında sərhədlərin dəyişdirilməsi və bu proses zamanı tərtib edilən sərhədlərə baxmaq lazımdır. Azərbaycan və Ermənistan arasında siyasi müstəvidə ilk qəbul edilən sərhədlər Birinci Dünya müharibəsi sonrası Paris sülh konfransının gündəliyinə çıxarıldı. Cənubi Qafqazın siyasi xəritəsi bu görüşdə qəbul edilən sərhədlərlə təyin edildi. Həmin sərhədlərə görə Qarabağ, Zəngəzur, Naxçıvan hətta Göyçənin yarısı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ərazisi kimi tanındı. Qeyd etdiyim bu xəritələrin bir nüsxəsi ABŞ, Britaniya, Fransa, Ermənistan, Azərbaycan arxivlərində də var. Yəni sərhədlərin demarkasiyası və delimitasiyası əslində 1920-ci illərin xəritələri əsasında aparılmalı idi. Lakin 1991-ci ildə Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təəssüf ki, bu xəritələr əsasında deyil, SSRİ hakimiyyəti dövründə dəyişdirilən 1991-ci ildə sərhədləri olaraq tanıdı"


Politoloq qeyd edib ki, Alma-Ata Bəyanəməsinə görə ölkələr SSRİ-dən müstəqilik qazandığı ərazilər çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıdılar:

"Lakin Ermənistan Azərbaycanda siyasi vəziyyətin qeyri-sabit olmasından istifadə edərək işğal prosesinə başladı və beləcə əslində Alma-Ata Bəyannaməsinin tələbləri də pozuldu. 

44 günlük müharibə sonrası reallıqların əsaslı surətdə dəyişməsi 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin açılmasının qeyd edilməsi kimi məsələlər bu gün iki ölkə arasında sərhədlərin hansı xəritələr əsasında təyin edilməsini yenidən aktuallaşdırır. Hesab edirəm ki, tərəflər Brüssel görüşündə 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bildirərək faktiki olaraq bu məsələdə də mövqeyini artıq bildirib. Yəni faktiki olaraq SSRİ-dən müstəqiik qazanan Ermənistan və Azərbaycan əraziləri necə idisə, o cür də təyin ediləcək. burada əsas məsələ anklavların taleyidir. Ermənistan tərəfi Qazaxın 7 və Naxçıvanın Kərki kəndini də geri qaytarmalıdır. Başkəndə gəldikdə isə bu məsələ ilə bağlı müzakirələr hələ davam etməlidir".

Pərviz

0