Prezident Şuşa və Xankəndiyə səfər etdi, sakinlərlə görüşdü -YENİLƏNİB

SİYASƏT
13:30 / 28.05.2026
49

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Hit.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.

Bildirilib ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.

Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.

İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.

x x x

Sonra dövlət başçısı Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.

Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası var. Mərkəzin 348 yerlik zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq.

Yenidənqurma işlərindən sonra bu mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə digər sahələrlə yanaşı, mədəni abidələrin bərpasına da xüsusi diqqət yetirilir. Bu, ilk növbədə zəngin mədəni irsin qorunmasına Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyini göstərir. Eyni zamanda, bu cür layihələrin icrası ümumilikdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin həcmini nümayiş etdirir.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə "GP Safety" MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

"GP Safety" MMC-nin təsisçisi Hikmət Əsədov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdib.

Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır.

Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.

Qeyd edək ki, bu müəssisənin yaradılması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir.

0