Deputat: “Prezidentin Qarabağa səfərləri böyük əhəmiyyət kəsb edir”

SİYASƏT
15:42 / 02.06.2026
145

“Torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərlər edir. Həmin səfərlərin hər birinin çox böyük əhəmiyyəti var”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu səfərlər həm siyasi, həm də iqtisadi cəhətdən olduqca böyük məna kəsb edir:


“İlk növbədə, bu səfərlər Azərbaycanın həmin ərazilər üzərində tam suverenliyinin və dövlət idarəçiliyinin bərqərar olduğunu nümayiş etdirmiş olur. Prezident hər səfərində istər ayrı-ayrı müəssisələrin təməlinin qoyulması və ya açılışında, istərsə də məskunlaşmaqda olan əhali ilə görüşlərdə müxtəlif məsələlərlə bağlı çox ciddi mesajlar verir. Bu mesajlar daxili auditoriya ilə yanaşı yanaşı, dostlarımıza və düşmənlərimizə də yönəlir. Təbii ki, dövlətimizin başçısının hər mesajı dünyada gündəm olur.

Prezident bu səfərləri etməklə eyni zamanda, diqqət mərkəzinə gətirir ki, bərpa və yenidənqurma işlərinə şəxsən özü nəzarət edir. Hər səfər zamanı yeni yaşayış məntəqələri, yeni avtomobil yolları, hava limanları, enerji və infrastruktur layihələrin reallaşması, habelə təməlqoyma və açılış mərasimləri baş tutur. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərdə gedən yenidənqurma proseslərinə şəxsən birbaşa nəzarət etməsi də çox mühümdür”.

Millət vəkili qeyd edib ki, Prezidentin bu səfərləri həm də qəbul edilmiş Böyük Qayıdış prosesini təşviq edir:
“Öz dədə-baba yurdlarına qayıtmış məcburi köçkünlərlə görüşlər, onların məskunlaşacağı istər kənd, istər şəhər tipli yaşayış məntəqələrinin istifadəyə verilməsi konkret olaraq Böyük Qayıdış prosesinin nəticələrini özündə əks etdirir. Cənab Prezident hər yeni məskunlaşma prosesini bilavasitə özünün iştirakı ilə reallaşdırmış olur ki, bu da zamanında məcburi köçkün, qaçqın həyatı yaşayan və bu gün dədə-baba yurdlarına qayıdan və qayıdacaq insanların təşviq edilməsi prosesidir. 

Həmçinin, onların məşğulluq məsələləri həll olunur, habelə yeni mənzil və işlə də təmin edilirlər. Bütün bunlar təbii ki, Böyük Qayıdış prosesini həm Prezidentin nəzərində olduğunu nümayiş etdirmiş olur, həm də insanları bu prosesdə fəal iştiraka təşviq edir”.

Partiya sədri diqqətə çatdırıb ki, işğaldan azad olunan ərazilərdə mina təmizləmə prosesləri də gedir:
“Prezident bu məsələləri də diqqət mərkəzində saxlayır, xüsusilə də minalanmış ərazilərin qısa müddət ərzində minalardan təmizlənməsi və məskunlaşma prosesi üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar verib. Bundan başqa, ermənilərin işğal dövründə dağıtdığı tarixi, mədəni, dini abidələrin də bərpası prosesi gedir. 

Bunların da bərpa prosesində, yenidən açılış və təhvil proseslərində də cənab Prezident şəxsən iştirak edir. Bununla da bütün dünyaya mesaj verilir ki, ermənilərin dağıtdıqları dini, tarixi, mədəni abidələr Azərbaycan tərəfindən yenidən bərpa olunur. Qarabağda gedən bütün proseslər Prezidentin iştirakı ilə reallaşması, onun hər səfəri dünyaya mesajdır. Bu, Azərbaycanın öz torpaqlarına qayıdışını və bərpa prosesini də simvolizə edir”.
 
Arzuxan Əlizadə vurğulayıb ki, Prezident İlham Əliyevin Qarabağa səfərləri yalnız protokol xarakteri daşımır:
“Bu, işğaldan azad olunmuş ərazilərdə suverenliyin, möhkəmləndirilməsi, yenidənqurma işlərinin sürətləndirilməsi, əhalinin qayıdışının təşviqi, həmçinin Azərbaycanın regionda apardığı siyasətin hansı istiqamətdə getdiyini növbəti dəfə nümayiş etdirmək xarakteri daşıyır ki, bu da olduqca böyük əhəmiyyəti olan məsələdir. Nəticədə, Prezident İlham Əliyevin birbaşa nəzarətilə Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycan insanları ilə məskunlaşdırılacaq, habelə bölgədə əhəmiyyətli rol oynamaqda davam edəcək”.

Elmir Mustafa

0