Azərbaycanla Türkiyə tarix, dil, mədəniyyət və ortaq dəyərlərə söykənən münasibətlərini illər ərzində daha da möhkəmləndirərək regionun ən güclü əməkdaşlıq modellərindən birini formalaşdırıblar.
İki ölkə arasında siyasi, iqtisadi və hərbi sahələrdə qurulan sıx əlaqələr qarşılıqlı etimad və dəstəyə əsaslanır. Bu əməkdaşlığın ən mühüm mərhələlərindən biri hesab edilən Şuşa Bəyannaməsinin qəbulundan beş il keçir.
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan sənəd iki dövlət arasında münasibətlərin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi. Bəyannamə Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələsini müəyyənləşdirərək tərəflərin təhlükəsizlik, müdafiə, iqtisadiyyat və xarici siyasət sahələrində birgə fəaliyyətini müttəfiqlik səviyyəsində rəsmiləşdirdi.
Şuşada imzalanan bu sənəd təkcə iki ölkənin münasibətlərində deyil, bütövlükdə regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi dəyərləndirilir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyən edən strateji yol xəritəsi rolunu oynayır.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Hit.az-a açıqlamasında bildirib ki, Şuşa Bəyannaməsinin Şuşa şəhərində imzalanması təsadüfi seçim deyildi:

“Azərbaycanın tarixi və mədəni simvollarından biri olan bu şəhərdə belə bir sənədin qəbul edilməsi Qarabağın azadlığından sonra yaranmış yeni dövrün rəmzi ifadəsinə çevrildi. Bu hadisə həm Azərbaycanın əldə etdiyi qələbənin siyasi nəticələrinin möhkəmləndiyini, həm də bölgədə yeni əməkdaşlıq mərhələsinin başlandığını nümayiş etdirdi.
Bəyannamə Azərbaycan və Türkiyənin beynəlxalq arenada daha sıx koordinasiya olunmuş şəkildə fəaliyyət göstərmək niyyətini ortaya qoyur. Sənəddə tərəflərin qarşılıqlı maraq kəsb edən məsələlərdə bir-birinə dəstək verməsi, regional proseslərdə ortaq yanaşma sərgiləməsi və beynəlxalq hüququn prinsiplərinə sadiq qalmasıdır”.
Millət vəkili vurğulayıb ki, məzmununa görə Şuşa Bəyannaməsi yalnız iki dövlət arasındakı münasibətləri tənzimləyən sənəd deyil, həm də Cənubi Qafqazda gələcək siyasi və təhlükəsizlik mühitinə təsir göstərə biləcək mühüm strateji çərçivədir:
“Bu baxımdan sənəd regionda sabitliyin möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əhəmiyyətli platforma hesab olunur. Sənədin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da gücləndirilməsidir. Birgə hərbi fəaliyyətlərin inkişaf etdirilməsi, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı dəstək mexanizmlərinin təkmilləşdirilməsi iki ölkənin strateji imkanlarını artıran vacib amillər sırasındadır”.
P. Vəliyeva bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açaraq əlaqələrin daha yüksək səviyyədə inkişafı üçün möhkəm hüquqi baza formalaşdırıb:
“Bu sənəd qardaş ölkələrin ortaq maraqlar ətrafında birliyini təsdiqləməklə yanaşı, gələcək nəsillər üçün də əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm siyasi irs kimi qiymətləndirilir”.
Günel Cəlilova


