Deputat: “15 iyunda Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsasını qoyuldu”

SİYASƏT
10:54 / 12.06.2026
118

15 iyun Azərbaycan tarixində mühüm siyasi mərhələnin başlanğıcını simvolizə edən əlamətdar günlərdən biridir. 

Xalqın iradəsini və dövlətin gələcək inkişaf yolunu müəyyənləşdirən bu tarix ölkədə sabitliyin möhkəmlənməsi, idarəçilik sisteminin güclənməsi və tərəqqi dövrünə keçidin təməli kimi qiymətləndirilir. Bu səbəbdən də Milli Qurtuluş Günü hər il ölkə üzrə xüsusi hörmət və yüksək dəyər hissi ilə qeyd olunur. 

Milli Məclisin deputatı Afət Həsənova Hit.az-a açıqlamasında bildirib ki, 15 iyun Azərbaycan tarixində yalnız hakimiyyət dəyişikliyi ilə xarakterizə olunmur:

“Bu tarix həm də ölkənin ağır siyasi böhrandan çıxaraq dövlətçiliyini qoruması, sabitliyə qovuşması və gələcək inkişafının təməlinin qoyulması baxımından xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyin ilk illərində respublikada dərin siyasi qarşıdurmalar, idarəçilikdəki çatışmazlıqlar, iqtisadi tənəzzül, qanunsuz silahlı dəstələrin fəaliyyəti və separatçı meyllər dövlətin gələcəyini ciddi təhlükə altına salmışdı”.

Millət vəkili xatırladıb ki, 1993-cü ilin yayına doğru vəziyyət daha da mürəkkəbləşərək ölkədə vətəndaş qarşıdurması riskini artırmışdı:

“Belə bir çətin şəraitdə xalq çıxış yolunu Heydər Əliyevin siyasi təcrübəsində və liderlik keyfiyyətlərində gördü. Ümumxalq tələbi ilə iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev ölkədə yaranmış böhranın aradan qaldırılması və dövlət müstəqilliyinin qorunması istiqamətində fəaliyyətə başladı. İyunun 15-də Ali Sovetin sədri seçilməsi isə Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsasını qoydu.

Sonrakı dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət idarəçiliyi gücləndirildi, qanunçuluğun təmin edilməsi istiqamətində mühüm addımlar atıldı və müstəqil dövlət quruculuğu prosesi sürətləndi. Məhz həmin dövrdə formalaşan sabitlik mühiti Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın qazandığı siyasi, iqtisadi və beynəlxalq uğurların kökündə həmin illərdə müəyyənləşdirilən dövlətçilik xətti dayanır:

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən davam etdirilərək yeni nailiyyətlərlə zənginləşdirilibdir. Ölkənin ərazi bütövlüyünün və suveren hüquqlarının tam təmin olunması, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri bu siyasətin nəticəsi kimi dəyərləndirilir”.

Günel Cəlilova

0