Azərbaycanın tarixini dəyişdirən gün – 15 iyun

SİYASƏT
15:45 / 12.06.2026
121

“1993-cü il ölkəmiz üçün həqiqətən də çox böyük sınaq ili idi”. 

Bu sözləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Hit.az-a açıqlamasında deyib.

O xatırladıb ki, həmin dövrdə çoxsaylı siyasi və hərbi güclər qarşı-qarşıya dayanmışdı:


“Nəticədə ölkə daxilində olan özbaşınalıq insanların gələcəklə bağlı ümidlərinə də çox mənfi aspektdə təsir göstərirdi. Artıq bəzi insanlar Azərbaycan dövlətçiliyinin gələcəyi ilə bağlı suallar verməyə başlamışdılar. 

Bundan başqa, ölkədəki sosial-iqtisadi durumun ağırlığı, xaricdən olan siyasi basqılar, digər tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal istiqamətindəki hərəkətləri ölkəmiz üçün çox böyük bir böhran formalaşdırmışdı”. 

Siyasətçi qeyd edib ki, Xalq Cəbhəsinin hakimiyyətdə olan şəxslərinin dövlətçilik təcrübəsinin yoxluğu böhranı daha da dərinləşdirirdi:

“Belə bir situasiyada yeni bir siyasi liderə və yeni bir gücə ehtiyac var idi. Ona görə də Xalq Cəbhəsinin rəhbərliyi də məcburiyyət qarşısında qalaraq vəziyyətdən çıxış yolu tapmaq üçün xalqın tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdi. Həmin gün, yəni 15 iyunda ölkə ictimaiyyətində Azərbaycanın gələcəyi ilə bağlı inam formalaşdı”.

Mütəllim Rəhimli vurğulayıb ki, 15 iyun 1993-cü ildə Azərbaycan yeni dövrə qədəm qoydu:
“Beləliklə, Ulu Öndər Heydər Əliyevin gəlişilə insanlar Azərbaycanın gələcəyinə ümidlə baxmağa başladılar. Ölkənin qarşısında dayanan və içində boğulduğu sosial-iqtisadi və siyasi fəlakətin aradan qaldırılacağına inanırdılar. Düşünürəm ki, 15 iyun tarixi məhz bu günümüzün əsasını qoyub. Bu gün yaşadığımız bütün qələbələrin və sevinclərin təməli 1993-cü ilin 15 iyunundan başlayır”.

Elmir Mustafa

0