Azərbaycanla Ermənistan arasında sülh danışıqları uğurla davam etdirilir.
Artıq iki ölkə arasında düşmənçilik münasibətləri tamamilə geridə qalıb. Mütəmadi şəkildə rəsmilərin qarşılıqlı səfərlərinə şahid oluruq. Bundan əlavə, iki ölkə arasında illər sonra ticari əlaqələr də formalaşıb. İndi isə tezliklə Ermənistan Konstitusiyasının dəyişməsi gözlənilir. Məhz həmin dəyişiklik sayəsində Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina edəcək.
Onun ardından da Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanacaq. Zəngəzur dəhlizinin də açılması ilə tərəflər arasındakı münasibətlərin daha da inkişaf etməsi gözlənilir. Hazırda isə ən çox düşünülən suallardan biri Bakı ilə İrəvan arasında sülh sazişinin təxminən nə vaxt imzalana biləcəyidir...
Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi mühüm mərhələyə daxil olub:
“Tərəflər sülh sazişinin mətni üzərində böyük ölçüdə razılıq əldə ediblər və bu, regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından əhəmiyyətli addımdır. Lakin yekun sülh müqaviləsinin imzalanması üçün hələ müəyyən siyasi və hüquqi məsələlərin həlli tələb olunur”.
Deputatın sözlərinə görə, bu səbəbdən də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin nə zaman imzalanacağı ilə bağlı indidən konkret tarix açıqlamaq mümkün deyil:
“Ancaq görünən odur ki, həm Bakı, həm də İrəvan sülh gündəliyini qorumağa çalışır və danışıqlar davam edir. Ümid etmək olar ki, qarşılıqlı öhdəliklər tam yerinə yetirildiyi təqdirdə, yaxın perspektivdə regionda yeni əməkdaşlıq mərhələsinin əsasını qoyacaq yekun sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”.
Elmir Mustafa



