Azərbaycan - İslam İnkişaf Bankı əməkdaşlığı: “Çox əhəmiyyətlidir”

SİYASƏT
14:10 / 18.06.2026
256

“İslam İnkişaf Bankı və Azərbaycan arasındakı əməkdaşlıq ölkənin iqtisadi inkişafı və beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu təşkilatda 57 üzv dövlət birləşir:


“Bu kontekstdə də Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığı İslam dünyasında iqtisadi əlaqələrin genişlənməsinə, yeni investisiyaların cəlb olunmasına və üzv ölkələrlə ticarət imkanlarının yaranmasına da çox böyük töhfədir. Eyni zamanda, bu işbirliyi digər beynəlxalq maliyyə institutları ilə də Azərbaycanın tərəfdaşlıq imkanlarını genişləndirmiş olur”.

Millət vəkili qeyd edib ki, son dövrlərdə ölkəmizdə bir sıra regional layihələr həyata keçirilməkdədir:
“İstər nəqliyyat, istər enerji, istərsə də sosial infrastruktur layihələrinin maliyyələşməsində İslam İnkişaf Bankı iştirak edir. Təşkilatla əməkdaşlıq Azərbaycanın iqtisadi potensialının artırılması, regionlarda həyata keçirilən layihələrin maliyyələşməsi ilə yanaşı, əhalinin həyat keyfiyyətinin yüksəlməsinə öz töhfəsini verir.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa prosesində də adıçəkilən təşkilatla əməkdaşlıq ölkəmizə əlavə imkanlar vermiş olur”. 

Siyasətçi diqqətə çatdırıb ki, İslam İnkişaf Bankı ilə əməkdaşlıq Azərbaycanın alternativ maliyyələşdirmə mexanizmlərini də əldə etməsində mühüm rol oynayır:
“Bu, həmçinin həm yerli, həm də xarici investorlar üçün də əlavə imkanların açılmasıdır. Yəni İslam İnkişaf Bankı maliyyə sektorunun şaxələndirilməsinə də dəstək vermiş olur. Sözügedən təşkilatla əməkdaşlıq Azərbaycan üçün təkcə maliyyə resurslarının cəlb edilməsi deyil, eləcə də bir sıra beynəlxalq təcrübə və yeni investisiya imkanlarının da əldə olunması deməkdir. 

Bu isə üsusilə qeyri-neft sektorunun inkişafında, regional bərpa layihələrinin, həmçinin reallaşması gözlənilən, reallaşmaqda olan nəqliyyat-logistika potensialının da bir qədər də artırılmasına gətirib çıxarır. Nəticədə, İslam İnkişaf Bankı ilə Azərbaycan arasındakı münasibətlər və əməkdaşlıq genişlənməyə doğru gedir”.

Elmir Mustafa

0