Azərbaycanın ev sahibliyi etdiyi IV Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələrini, ekspertləri və rəsmi şəxsləri bir platformada bir araya gətirən mühüm tədbirlərdən biridir.
Şuşada keçirilən forum qlobal informasiya mühitində baş verən dəyişikliklərin, media təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında deyib ki, Şuşada ənənəvi olaraq keçirilən Qlobal Media Forumu artıq həm Azərbaycanın, həm də dünya media tarixində mühüm hadisələrdən birinə çevrilib:

“Bu il forumda 53 ölkədən 160 media nümayəndəsi iştirak edir. Onlar öz ölkələrinin tanınmış media təmsilçiləridir. Forum çərçivəsində media sahəsində baş verən proseslər müzakirə olunacaq, eyni zamanda iştirakçılar dünya gündəminə dair çıxışları dinləyəcəklər. Bununla yanaşı, qonaqlar Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəklər.
Prezident İlham Əliyevin forumdakı çıxışı isə tədbirə xüsusi istiqamət verdi. Dövlətimizin başçısının Azərbaycanın qlobal proseslərə münasibəti, eləcə də Rusiya, ABŞ, Pakistan, İran və Avropa İttifaqı ilə əlaqələrə dair səsləndirdiyi fikirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı”.
Millət vəkili vurğulayıb ki, forum iştirakçıları həmçinin Azərbaycanda həyata keçirilən inkişaf layihələri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlar:
“Dövlət başçısının Azərbaycanın daxilində heç bir riskin olmadığını, əsas təhlükənin ölkənin müxtəlif xarici avantüralara cəlb edilməsinə yönələn cəhdlər olduğunu vurğulaması da diqqət çəkən məqamlardan biri idi. Prezident qeyd etdi ki, ölkədə bütün proseslər Konstitusiyaya uyğun şəkildə həyata keçirilir, Azərbaycan qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır və milli maraqlarına uyğun siyasətini bundan sonra da davam etdirəcək”.
Günel Cəlilova


