Qarabağa səfərlər: Dünyaya verilən siyasi mesaj

SİYASƏT
15:05 / 16.07.2026
258

“Son illər Azərbaycana rəsmi səfərə gələn bir sıra dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin proqramına Qarabağa səfərlərin də daxil edilməsi artıq mühüm siyasi ənənəyə çevrilməkdədir”.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu səfərlər təkcə diplomatik protokolun tərkib hissəsi deyil, həm də Azərbaycanın yaratdığı yeni regional reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu nümayiş etdirən mühüm siyasi mesajdır:


“Ölkəmizə səfərə gələn Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini də Prezidenti İlham Əliyevlə birlikdə iyulun 14-də Qarabağa səfər etdi. Liderlər Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. 

Qarabağ bu gün artıq müharibənin deyil, quruculuğun, inkişafın və Böyük Qayıdışın simvoluna çevrilib. Xarici liderlərin Şuşaya, Xankəndiyə, Ağdama, Füzuliyə, Zəngilana və digər azad edilmiş ərazilərə səfərləri onların öz gözləri ilə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işlərini görməsinə imkan yaradır. Bu isə uzun illər ərzində ölkəmiz haqqında formalaşdırılmağa çalışılan qərəzli təsəvvürlərin reallıq qarşısında əsassız olduğunu bir daha sübut edir”.

Millət vəkili qeyd edib ki, belə səfərlər beynəlxalq ictimaiyyətə bir neçə mühüm mesaj verir: 
“Əvvəla, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu həqiqət artıq təkcə hüquqi sənədlərdə deyil, beynəlxalq diplomatik praktikada da öz təsdiqini tapır. Xarici liderlərin Azərbaycan rəhbərliyi ilə birlikdə bu torpaqlara səfər etməsi ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə göstərilən hörmətin ifadəsidir.

İkinci mühüm məqam ondan ibarətdir ki, dünya liderləri Qarabağda aparılan quruculuq prosesini yerində görərək Azərbaycanın sülh, inkişaf və əməkdaşlıq siyasətinin real nəticələrini qiymətləndirirlər. Müasir şəhərlərin salınması, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri, yeni hava limanları, yollar, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri Azərbaycanın regionun gələcəyinə uzunmüddətli baxışının göstəricisidir”.

Həmsöhbətimiz əlavə edib ki, bu səfərlər eyni zamanda, uzun illər işğal dövründə törədilmiş dağıntıları və vandalizmi də beynəlxalq nümayəndə heyətlərinin diqqətinə çatdırır:
“Qonaqlar dağıdılmış şəhərləri, məhv edilmiş yaşayış məntəqələrini, tarixi və dini abidələrin taleyini öz gözləri ilə görərək vəziyyəti obyektiv qiymətləndirmək imkanı əldə edirlər. Bu isə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qarabağdan verilən daha bir mühüm mesaj isə regionda davamlı sülhün və əməkdaşlığın mümkünlüyüdür. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı layihələrlə göstərir ki, əsas məqsəd qarşıdurma deyil, rifahın, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsidir. Bu yanaşma beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qiymətləndirilir”.

Jalə Əliyeva vurğulayıb ki, dünya liderlərinin Qarabağa səfərləri Azərbaycanın diplomatik uğurlarının, artan beynəlxalq nüfuzunun və ölkəmizin yaratdığı yeni geosiyasi reallıqların praktik təsdiqidir:
“Bu səfərlər göstərir ki, Qarabağ artıq beynəlxalq gündəmdə münaqişə məkanı kimi deyil, sülhün, inkişafın və yenidənqurmanın nümunəsi kimi təqdim olunur. Azərbaycanın həyata keçirdiyi siyasət isə regionun gələcəyinin qarşıdurmada deyil, əməkdaşlıq və tərəfdaşlıq mühitində qurulduğunu bütün dünyaya nümayiş etdirir”.

Elmir Mustafa

0