Bəzi insanlar çətin vəziyyətlərdə soyuqqanlı davranmaları, məntiqli düşünmələri və problemlərə fərqli yanaşmaları ilə seçilirlər. Numeroloqlar bu xüsusiyyətləri müəyyən doğum tarixləri ilə əlaqələndirərək həmin insanları üç qrupa ayırıblar.
HİT.az xəbər verir ki, bu barədə UNIAN nəşri “Parade” jurnalına istinadən yazıb.
Ayın 1, 10, 19 və 28-də doğulanlar – strateji düşünənlər
Numerologiyada 1 rəqəmi müstəqillik, liderlik və təşəbbüskarlıqla əlaqələndirilir. Bu tarixlərdə doğulan insanların çətinliklə üzləşdikdə başqalarından göstəriş gözləmədən çıxış yolu axtardıqları iddia olunur.
Onlar problemin səbəbini müəyyənləşdirməyə, mümkün variantları qiymətləndirməyə və tez bir zamanda hərəkətə keçməyə meyilli hesab edilirlər. Qeyri-standart düşüncə və məsuliyyəti üzərinə götürmək bacarığı da bu qrupun əsas üstünlükləri sırasında göstərilir.
Ayın 2, 11, 20 və 29-da doğulanlar – müşahidəçi və həssas insanlar
Numeroloqlar 2 rəqəmini intuisiya, həssaslıq və insanlarla ünsiyyət qurmaq bacarığı ilə əlaqələndirirlər. Bu tarixlərdə doğulanların hadisələrə tələsmədən yanaşdıqları, detallara diqqət yetirdikləri və problemlərin görünməyən səbəblərini araşdırmağa çalışdıqları bildirilir.
Onların fərqli fikirləri dinləmək və qarşı tərəfin hisslərini nəzərə almaq bacarığı münaqişələrin həllində faydalı xüsusiyyət kimi təqdim olunur. Belə insanların kompromis tapmaqda və mürəkkəb münasibətləri anlamaqda daha uğurlu olduqları iddia edilir.
Ayın 4, 13, 22 və 31-də doğulanlar – praktik həll tərəfdarları
Numerologiyada 4 rəqəmi nizam-intizam, sabitlik və ardıcıllığı simvolizə edir. Bu tarixlərdə doğulan insanlar problemləri mərhələlərə bölərək həll etməyə üstünlük verən praktik şəxslər kimi xarakterizə olunurlar.
Onların ilk növbədə nəyin səhv getdiyini müəyyənləşdirdikləri, mövcud imkanları qiymətləndirdikləri və konkret fəaliyyət planı hazırladıqları düşünülür. Səbir, detallara diqqət və sistemli yanaşma bu qrupun əsas xüsusiyyətləri kimi göstərilir.
Numeroloqların fikrincə, belə insanlar sürətli nəticə əldə etməkdənsə, etibarlı və uzunmüddətli həll yollarına üstünlük verirlər.
Qeyd edək ki, numerologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil. İnsanların problem həll etmək bacarığının doğum tarixindən asılı olduğunu sübut edən etibarlı elmi dəlillər yoxdur. Buna görə də bu təsnifat elmi nəticə deyil, əyləncə xarakterli yozum kimi qiymətləndirilməlidir.
Samir


