Cənubi Qafqaz geosiyasi və geoiqtisadi baxımdan dünyanın ən mühüm regionlarından biridir.
Bu strateji məkanda Azərbaycan Respublikasının tutduğu mövqe, həyata keçirdiyi müstəqil xarici siyasət və əldə etdiyi tarixi nailiyyətlər ölkəmizi regionun mübahisəsiz lider dövlətinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uzaqgörən strategist xətt Azərbaycanı yalnız regional deyil, həm də qlobal miqyasda söz sahibi olan aktora yüksəldib.
Azərbaycanın regional liderliyinin təməlində onun tam iqtisadi müstəqilliyi durur. Ölkəmiz daxili resurslarına və düzgün planlaşdırılmış iqtisadi modelə arxalanaraq böyük meqalayihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.
Bundan başqa, ölkəmizdə “yaşıl enerji”yə keçidlə bağlı çox mühüm addımlar atılır. Yəni Azərbaycan ənənəvi karbohidrogen resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində də regionun habına çevrilir. Həmçinin, ölkəmiz xarici investisiya cəlbediciliyinə də malikdir. Bu isə öz növbəsində şaxələndirilmiş iqtisadiyyat və sabit siyasi mühit ölkəyə qlobal kapital axınını təmin edir.
Azərbaycanın coğrafi mövqeyi onun strateji üstünlüyüdür, lakin bu coğrafiyanı qlobal logistika mərkəzinə çevirmək məhz dövlətin iradəsi hesabına mümkün olub. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü olmaqla yanaşı, Avrasiyanın yeni nəqliyyat xəritəsinin əsas memarıdır. Şərq-Qərb nəqliyyat dəhlizinin ən etibarlı və qısa marşrutu kimi Bakı-Tbilisi-Qars dəniz-dəmir yolu şəbəkəsi qlobal ticarət dövriyyəsini sürətləndirir.
Azərbaycanın regional liderliyini şərtləndirən ən mühüm amillərdən biri də onun hərbi-siyasi gücüdür. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən 1 günlük lokal xarakterli antiterror tədbirilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da ölkəmiz BMT qətnamələrinin icrasını özü həyata keçirdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına təmin edərək regionda 30 illik münaqişəyə son qoydu.
Bununla da yeni geosiyasi reallıqlar yarandı. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri buna ən gözəl nümunədir. “Böyük Qayıdış” proqramı sayəsində mütəmadi olaraq çox sayda ailə öz dədə-baba yurduna geri qayıdır. Əlbəttə ki, bu da dövlətin iqtisadi və təşkilati gücünün bariz nümunəsidir.
Üstəlik, Azərbaycanın liderliyi yalnız regional çərçivə ilə məhdudlaşmır. Ölkəmiz beynəlxalq platformalarda ədalətli pozisiya və sülhməramlı təşəbbüslərlə çıxış edir. Məsələn, Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrlik etdi. Həmçinin, dünyanın ən mötəbər tədbirlərindən olan COP29-a ev sahibliyi etmək də beynəlxalq birliyin dövlətimizə olan böyük etimadının göstəricisidir. Bu nümunələrdən ibarət siyahını istənilən qədər uzatmaq mümkündür.
Yəni Azərbaycan bu gün yalnız Cənubi Qafqazın iqtisadi və hərbi lokomotivi deyil, həm də regional sabitliyin, təhlükəsizliyin və inkişafın əsas zəmanətçisidir. Milli maraqlara söykənən siyasət, xalq-iqtidar birliyi və güclü dövlətçilik ənənələri Azərbaycanın regiondakı liderlik mövqeyini sarsılmaz edir.
Elmir Mustafa


