“Azərbaycan-Almaniya münasibətləri illər ərzində siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji tərəfdaşlığından humanitar əlaqələrə qədər geniş bir istiqamətdə inkişaf edib”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Avropanın aparıcı dövlətlərindən biri olan Almaniya ilə Azərbaycanın qurduğu əlaqələr qarşılıqlı maraqlar və strateji əməkdaşlıq üzərində formalaşaraq yeni mərhələyə qədəm qoyur:

“Azərbaycan-Almaniya strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrdəndir. İki ölkə arasında əlaqələrin dərinləşməsi yalnız enerji sektorunda deyil, həmçinin qeyri-enerji sahələrində də əməkdaşlığın inkişafına yeni imkanlar yaradır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə müəyyən azalma göstərsə də, son 5 il ərzində Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 68 faiz artıb”.
Millət vəkili qeyd edib ki, Almaniyanın üzv olduğu Avropa İttifaqı uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır:
“Ötən il Azərbaycanın 43 milyard 830 milyon dollar həcmində olan ümumi ticarət dövriyyəsinin 42 faizdən çoxu Avropa İttifaqının payına düşüb. Eyni zamanda, Azərbaycanın ixracının 69 faizini Avropa İttifaqı ölkələri təşkil edib”.
Vüqar Bayramov diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlərin inkişafı həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradır:
“Nəzərə almaq lazımdır ki, Almaniya iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatlarından biridir. 5 trilyondan çox ümumi daxili məhsula malik Almaniya Avropa İttifaqının aparıcı iqtisadi gücüdür. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması kimi qiymətləndirilə bilərik”.
Günel Cəlilova


