Azərbaycan - Almaniya münasibətləri: "Prezidentin səfəri xüsusi əhəmiyyət daşıyır"

SİYASƏT
14:05 / 21.07.2026
400

"Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü təkcə hərbi və iqtisadi potensialı ilə deyil, etibarlı tərəfdaşlıq münasibətləri qurmaq bacarığı ilə də ölçülür".

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin iyulun 20-də Almaniya Federativ Respublikasına rəsmi səfəri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır:


"Avropanın aparıcı siyasi və iqtisadi güclərindən biri olan Almaniya ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, ölkəmizin Avropa ilə əməkdaşlığının da yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Səfərin ilk günü Berlində Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşü keçirildi.

Görüşdə Azərbaycan və Almaniya iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin institusional əsasda inkişaf etdirilməsi, enerji, alternativ enerji, nəqliyyat-logistika, Orta Dəhliz, kənd təsərrüfatı və “ağıllı kənd təsərrüfatı” texnologiyalarının tətbiqi istiqamətində geniş fikir mübadiləsi aparıldı".

Millət vəkili qeyd edib ki, bu fakt bir daha Bakı–Berlin münasibətlərinin artıq yalnız siyasi dialoqla məhdudlaşmadığını, real iqtisadi tərəfdaşlıq məzmunu qazandığını göstərir:
"Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü isə münasibətlərin siyasi mahiyyətini daha aydın ortaya qoydu. Liderlərin təkbətək müzakirələri qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirməklə yanaşı, regional və beynəlxalq gündəlikdə duran məsələlərin açıq dialoq şəraitində müzakirə olunduğunu göstərdi.

Səfərin diqqətçəkən məqamlarından biri də Almaniya Kansleri Fridrix Mertslə nəzərdə tutulmuş görüşdür. Almaniya hökumətinin rəsmi açıqlamalarına əsasən, danışıqların əsas mövzuları enerji və xammal təhlükəsizliyi, Azərbaycan–Ermənistan sülh prosesi, beynəlxalq təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyət olacaq".

Elnarə Akimova vurğulayıb ki, bu gündəlik təsadüfi deyil:
"Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu yüksək qiymətləndirir, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını Avropanın təhlükəsizlik arxitekturasının mühüm elementi hesab edir.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi qəbul edilir. Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Xəzər hövzəsinin bərpaolunan enerji potensialı Avropa üçün strateji əhəmiyyət daşıyır. Almaniyanın isə sənaye, texnologiya və innovasiya sahəsində malik olduğu imkanlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə üst-üstə düşür. Bu baxımdan tərəflərin əməkdaşlığı qarşılıqlı faydaya əsaslanan uzunmüddətli strateji model formalaşdırır".

Həmsöhbətimiz əlavə edib ki, Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevirib:
"Almaniyanın bu marşruta marağı təkcə iqtisadi deyil, həm də geosiyasi məzmun daşıyır. Yeni beynəlxalq logistika marşrutlarının inkişafı fonunda Azərbaycan etibarlı tranzit ölkəsi kimi öz mövqeyini daha da möhkəmləndirir.

Bugünkü geosiyasi reallıqlar göstərir ki, dünya yeni güc balansı mərhələsinə daxil olur. Belə bir şəraitdə Azərbaycan balanslaşdırılmış, praqmatik və milli maraqlara söykənən xarici siyasəti ilə həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaş statusunu qoruyub saxlayır".

Deputat onu da söyləyib ki, Almaniya ilə münasibətlərin inkişafı da məhz bu uğurlu siyasətin nəticəsidir:
"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı deyil, Avropanın enerji təhlükəsizliyinə, nəqliyyat-kommunikasiya layihələrinə və regional sabitliyə real töhfə verən mühüm aktordur. Berlin danışıqları sübut etdi ki, Azərbaycan - Almaniya münasibətləri qarşılıqlı hörmət, praqmatizm və strateji maraqlara söykənərək yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu əməkdaşlığın perspektivləri isə təkcə iki ölkə üçün deyil, bütövlükdə Avropa ilə Cənubi Qafqaz arasında etibarlı tərəfdaşlıq modelinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir".

Elmir Mustafa

0