Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə Avropa İttifaqının əsas iqtisadi qüvvəsi sayılan Almaniya arasındakı münasibətlər son illərdə dinamik və yüksələn xətlə inkişaf edir.
İki ölkə arasında mövcud olan siyasi dialoq, iqtisadi əməkdaşlıq və strateji layihələr Bakı ilə Berlin arasındakı tərəfdaşlığın yalnız regional deyil, həm də qlobal geosiyasi məkanda mühüm əhəmiyyət kəsb etdiyini göstərir.
Azərbaycan-Almaniya əlaqələrinin təməli hələ 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Almaniyaya tarixi səfəri zamanı qoyulub. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursu həmin tərəfdaşlıq ənənələrini daha da zənginləşdirib. Prezident İlham Əliyevin Almaniyaya mütəmadi rəsmi və işgüzar səfərləri və həmin ölkənin aparıcı siyasi xadimləri ilə keçirilən müzakirələr ikitərəfli münasibətlərə güclü təkan verir.
Xüsusilə ötən gün dövlətimizin başçısının Berlinə səfəri də böyük əhəmiyyət daşıdı. Prezidentin Almaniyada keçirdiyi görüşlər iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsinə səbəb oldu.
Ümumiyyətlə, Almaniya Azərbaycanın Cənubi Qafqazdakı mərkəzi rolunu və suverenliyini qəbul edərək, regionda sabitlik və sülhün təmin olunmasında Bakının təşəbbüslərini yüksək qiymətləndirir. Xüsusilə Rusiya-Ukrayna münaqişəsindən sonra Avropanın enerji təhlükəsizliyi arxitekturasının yenidən qurulduğu bir dövrdə Azərbaycan Almaniya üçün etibarlı və əvəzolunmaz tərəfdaşa çevrilib.
Azərbaycan Almaniya tərəfindən yalnız xammal və enerji təchizatçısı kimi deyil, eyni zamanda Avrasiyanın yeni sənaye, logistika və “yaşıl enerji” arxitekturasının əsas sütunlarından biri kimi qəbul edilir.
SOCAR və Almaniyanın “Uniper” kimi nəhəng enerji şirkətləri arasında uzunmüddətli və institusional əməkdaşlıq fəal şəkildə davam edir. Həmçinin, Almaniya Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyasını və bərpaolunan enerji potensialını da yaxından dəstəkləyir. Bundan başqa, COP29 çərçivəsində və digər qlobal platformalarda bərpaolunan resursların inkişafı üzrə birgə layihələr diqqət mərkəzindədir.
Bundan əlavə, ikitərəfli münasibətlərin ən real nümunəsi iqtisadi göstəricilər və biznes dairələri arasındakı fəal tərəfdaşlıqdır. Artıq iki ölkə arasında ticarət həcmi 1 milyard avronu keçib. Alman Şirkətləri Azərbaycanda sənaye, tikinti, logistika və tibb sahələrində 250-dən çox alman kapitalı şirkət fəaliyyət göstərir. Onu da qeyd edək ki, Almaniyanın qabaqcıl mühəndislik və “ağıllı kənd təsərrüfatı” texnologiyalarının ölkəmizdə tətbiq edilir.
Birsözlə, Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı maraqlara, praqmatik iqtisadi hesablara və strateji baxışa əsaslanır. Avropanın iqtisadi mərkəzi olan Almaniya ilə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bu cür genişmiqyaslı tərəfdaşlığı regionda dayanıqlı inkişafa, nəqliyyat və enerji təhlükəsizliyinə böyük töhfə verir.
Elmir Mustafa


