Almaniyaya rəsmi səfər Prezident İlham Əliyevin xarici siyasət gündəliyində mühüm yer tutan görüşlərdən biri hesab olunur.
Səfər iki ölkə arasında mövcud əlaqələrin dərinləşdirilməsi ilə yanaşı, müxtəlif sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə də töhfə verdi. Müasir beynəlxalq münasibətlərdə siyasi və iqtisadi prioritetlərin sürətlə dəyişdiyi, dövlətlərin etibarlı tərəfdaşlıq və yeni əməkdaşlıq platformaları axtardığı bir şəraitdə bu səfərin nəticələri təkcə Azərbaycan və Almaniya üçün deyil, bütövlükdə Avropa ilə münasibətlərin gələcək inkişafı baxımından da diqqətçəkən hadisələrdən biri kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Azər Badamov Hit.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında mövcud əlaqələrə yeni məzmun qazandıraraq, siyasi münasibətlərin daha intensiv xarakter almasına və qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin artmasına təkan verəcəyi gözlənilir:
“Azərbaycan və Almaniya arasında münasibətlərin ən fəal istiqamətlərindən biri iqtisadi sahə hesab olunur. Almaniya uzun illərdir Azərbaycanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşlarından biri kimi çıxış edir. Qarşılıqlı ticarətin genişlənməsi, eləcə də Azərbaycanda alman investisiyası ilə yaradılmış 250-dən artıq müəssisənin fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın davamlı inkişaf etdiyini göstərir.
Səfərin proqramında Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirilən görüşün yer alması biznes və investisiya əlaqələrinin hər iki ölkənin gündəliyində mühüm yer tutduğunu nümayiş etdirir. Müzakirələr zamanı şirkətlər arasında tərəfdaşlığın gücləndirilməsi, yeni investisiya imkanlarının dəyərləndirilməsi, həmçinin enerji, Orta Dəhliz, nəqliyyat-logistika, aqrar sektor və innovativ texnologiyalar üzrə birgə layihələrin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib”.
Millət vəkili qeyd edib ki, dövlətimizin başçısının Almaniyaya səfəri iki ölkə arasında əməkdaşlığını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə və yeni əməkdaşlıq platformalarının formalaşmasına da əlavə imkanlar yaradacağı gözlənilir.
Günel Cəlilova



