Türk dünyası qlobal gücə çevrilir

SİYASƏT
11:08 / 28.07.2026
316

“ABŞ təkqütblü dünya yaratmağa çalışsa da, dünya artıq çoxqütblü bir mərhələyə doğru gedir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, ABŞ-nin əksinə olaraq Çin və Hindistan kimi ölkələr isə çoxqütblü dünyanın tərəfdarlarıdır:


“Yəni böyük dövlətlər arasında da bu mənada vahid fikir yoxdur. Türk dünyası da Çin və Hindistanla eyni mövqedən çıxış edir. Başda Azərbaycan və Türkiyə olmaqla, türk dövlətləri dünyanın çoxqütblü olmasının tərəfdarıdır. 

Hesab edirəm ki, artıq Azərbaycan və Türkiyə mərkəzində olduğu türk mərkəzinin bir qütb kimi formalaşmalıdır. Hazırda da o istiqamətdə işlər gedir. Düzdür, bunu pozmağa çalışan qüvvələr də var, amma onun qarşısını almaq mümkün deyil”.

Siyasətçi vurğulayıb ki, bu gün dünya ölkələri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyilə hesablaşır:
“Həmçinin, Qazaxıstanın və Özbəkistanın liderlərinin mövqeyinin qəbul olunduğunu görürük. Bu isə o deməkdir ki, türk dünyası artıq yavaş-yavaş qlobal gücə çevrilməkdədir. Üstəlik, türk ölkələri bir-birlərinin mövqeyini müdafiə edərək, bir çox məsələdə ortaq siyasət yürüdürlər. 

Yəni türk dünyasında yaranan birliyi pozmağa kimsənin gücü çatmaz. Hətta təxribat cəhdləri də bu birliyi poza bilməz. Əlbəttə ki, belə şəraitdə türk dünyasının qlobal gücə çevrilməsi isə qaçılmaz olacaq”.

Partiya sədri diqqətə çatdırıb ki, türk xalqları arasında da yaxınlaşma sürətlənməlidir:
“Hazırda türk dövlətləri arasındakı yaxınlaşma liderlər səviyyəsində inkişaf edir. Eyni zamanda, ölkələr arasında iqtisadi və hərbi əlaqələr də güclənir. Lakin cəmiyyətlər səviyyəsində də əlaqələrin yaxınlaşmasına ehtiyac var. Məsələn, sosial şəbəkələrdə bu yaxınlaşmanın başlaması olduqca gözəldir. 

Həmçinin, tələbələrin də türk dövlətlərində oxumaları bu inteqrasiyanı sürətləndirəcək. Bundan başqa, elm adamları, mətbuat nümayəndələri, qeyri-hökumət təşkilatları və partiyaların arasında münasibətlər qurulmalıdır. Yəni dövlətlər kimi türk cəmiyyətləri də bir-birinə yaxınlaşmalıdır”.

Elmir Mustafa

0