Azərbaycan – ABŞ əlaqələri: “Uğurla inkişaf edir”

SİYASƏT
12:30 / 29.07.2026
330

“Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycan-ABŞ əlaqələrində sürətli olmasa da, normal münasibətlər mövcud idi. Lakin onun ikinci prezidentlik dövründə bu münasibətlərdə inkişaf baxımından müəyyən dəyişikliklər müşahidə olunur”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ilk növbədə, Tramp administrasiyası Cənubi Qafqaza fərqli mövqedən, yəni daha çox geosiyasi və iqtisadi prizmadan yanaşıb:


“Ermənistan-Azərbaycan sülh prosesi, Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi, Rusiya və İranın Cənubi Qafqaza təsirinin balanslaşdırılması bu yanaşmanın əsas cizgiləridir. Düzdür, Vaşinqton Ermənistana xüsusi diqqət yetirib və onun Rusiyanın təsir dairəsindən çıxararaq ABŞ-nin təsir dairəsinə düşməsinə daha çox qüvvə sərf edib. 

Lakin Rusiyanın Yaxın Şərq və Avropanın cənubuna doğru yönəlmiş siyasətində əsas platforma olan Ermənistan heç vaxt bu və digər dövlətlə paritet əsasda siyasət yürütməyib. Yəni, müstəqil yox, köməkçi bəhanə rolunu yerinə yetirib”. 

Ekspert vurğulayıb ki, Azərbaycan isə regionun lideri kimi siyasi səhnəyə çıxıb və hər bir dövlətlə qarşılıqlı bərabərlik və əməkdaşlıq əsasında əlaqələr qurub:
“Bu mənada, ABŞ-Azərbaycan münasibətləri istisna təşkil etməyib, Donald Tramp ölkəmizlə partnyorluq və qarşılıqlı mənfəət əsasında əməkdaşlıq təklif edib. Çünki ölkəmiz həm coğrafi mövqeyinə, həm iqtisadi imkanlarına, həm də hərbi-siyasi nüfuzuna görə Cənubi Qafqazda həyata keçirilən hər hansı geostrateji və iqtisadi layihədə layiqli iştirakı ilə tanınır.

Necə deyərlər, böyük-kiçikliyindən asılı olmayaraq, Azərbaycan hər bir dövlət üçün maraqlı və sərfəli müttəfiq olmaq səviyyəsinə malikdir. Tramp administrasiyasını da məhz bu cür amillər Azərbaycanla əməkdaşlığa sövq edib və bu əlaqələr strateji mövqeyə yüksəlib”.

Həmsöhbətimiz qeyd edib ki, iki dövlət arasında siyasi, iqtisadi, enerji və enerji təhlükəsizliyi sahəsində, eləcə də nəqliyyat və Orta Dəhliz, süni intellekt və rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, müdafiə və terrorizmlə mübarizə, investisiya və ticarət üzrə yaranan əlaqələr uğurla inkişaf etdirilir:
“Siyasi sahədə başlanmış dialoqda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verməsi Tramp administrasiyasının diqqət tələb edəb edən addımlarından biridir. 2025-ci ildə Vaşinqtonda keçirilən liderlər arasında keçirilən görüş bu istiqamətdə mühüm mərhələ olub. 

Sonrakı aylarda tərəflər arasında sülh sazişinin tamamlanması və regional nəqliyyat layihələrinin inkişafı istiqamətində işlər davam edib. Azərbaycan ABŞ üçün Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan biridir. Xəzər regionunun enerji resursları, Avropaya qaz ixracı, yaşıl enerji üzrə birgə layihələri uğurla inkişaf etdirilir. Əgər hazırkı kurs davam etsə, yaxın illərdə əməkdaşlığın daha da genişlənməsi gözlənilir”.

Novruz Novruzov fikirlərini belə yekunlaşdırıb:
“Üstəlik, ABŞ şirkətlərinin Azərbaycana investisiya qoyoluşlarını artırmaları da gündəmdədir. Bu proseslərə görə inamla demək olar ki, Tramp administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətləri əvvəlki illərlə müqayisədə daha praqmatik və geoiqtisadi xarakter alıb. Vaşinqton Azərbaycanı Cənubi Qafqazda enerji, nəqliyyat və regional sabitlik baxımından mühüm tərəfdaş kimi qiymətləndirir”.

Elmir Mustafa

0