Azərbaycanın supergüclərlə əlaqələri GENİŞLƏNİR

SİYASƏT
13:45 / 30.07.2026
251

“Dövlət maraqları və geosiyasi reallıqlar prizmasından baxanda Azərbaycanın son illərdə xarici siyasətdə qazandığı əsas üstünlük böyük güclərdən birinin siyasi orbitinə daxil olmadan müxtəlif güc mərkəzləri ilə paralel işləyə bilməsidir”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, kiçik və orta ölçülü dövlət üçün kifayət qədər ciddi diplomatik nəticədir:


“Çinlə 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlığın qurulması, ABŞ ilə 2026-cı ilin fevralında strateji tərəfdaşlıq Xartiyasının qəbul edilməsi və Avropa İttifaqı ilə münasibətlərin enerji ilə yanaşı təhlükəsizlik və nəqliyyat istiqamətində dərinləşməsi bunun konkret göstəricilərindəndir. Azərbaycan bəlkə də yeganə dövlətdir ki, az qala bir-birinə xoş münasibətləri olmayan dövlətlərlə dostluq əlaqələri yarada bilir.

Dövlətlər bir-birinin mövqeyi ilə əsasən öz maraqları kəsişdiyi zaman hesablaşır. Azərbaycanın uğuru da məhz ondadır ki, ölkə öz geosiyasi əhəmiyyətini artıraraq, həmin maraqların kəsişdiyi mühüm nöqtələrdən birinə çevrilib. Bu istiqamətdə illərdir, qeyd etdiyimiz bir məqam var - Orta Dəhliz”.

Ekspert vurğulayıb ki, Azərbaycan dünyanın ekvador nöqtəsidir:
“Bu baxımdan da Prezident İlham Əliyevin xarici siyasətinin ən güclü tərəfi Azərbaycanın geosiyasi çəkisini coğrafiyasından daha böyük etməsidir. Azərbaycan yuxarıda da qeyd etdiyim kimi geosiyası məqamdan təhlil etsək, enerji, tranzit, Orta Dəhliz, Xəzər, Cənubi Qafqaz təhlükəsizliyi və Türk dünyası kimi bir neçə istiqamətin kəsişməsində yerləşir.

Avropa İttifaqı üçün Azərbaycan enerji və nəqliyyat baxımından əhəmiyyətlidir; Çin üçün Avropa istiqamətində alternativ logistika xəttidir, qardaş Türkiyə üçün Türk dünyasına çıxışın strateji dayağıdır, ABŞ üçün isə Cənubi Qafqazda və Mərkəzi Asiyaya uzanan yeni bağlantılarda əhəmiyyətli tərəfdaşdır".

Siyasi şərhçi əlavə edib ki, yaxın tarixə ekskurs etsək, Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin 2026-cı ildə Bakıya səfərləri və danışıqlarda enerji təhlükəsizliyi ilə yanaşı Orta Dəhlizin müzakirəsi də bunu göstərir:

"ABŞ istiqamətində dəyişikliyi xüsusi vurğulamaq istərdim. 8 avqust 2025-ci il ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Sülh Müqaviləsini parafladıqdan sonra 2026-cı ilin fevralında Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının qəbul edilməsi münasibətlərin sadəcə enerji əməkdaşlığı çərçivəsində deyil, həmçinin diplomatik, iqtisadi, texnoloji, təhlükəsizlik və regional bağlantı sahələrində də genişləndiyini təsdiqlədi. Bunun Azərbaycanın Vaşinqton üçün də əhəmiyyətinin artdığını göstərən ciddi diplomatik siqnaldır deyə düşünürəm”.

Tamilla Qulami qeyd edib ki, bu gün dünyanın supergücü ABŞ-nin İrandan sonra nəzarət altına almaq istədiyi ölkələr Rusiya və Çindir:
“Buna baxmayaraq, Azərbaycanın Çinlə münasibətləri də bir başqa strateji xəttdir. Pekinlə strateji tərəfdaşlıq Azərbaycanın yalnız Qərblə deyil, dünyanın digər böyük güc mərkəzi ilə də uzunmüddətli əməkdaşlıq qurmaq istədiyini nümayiş etdirir. Çin Azərbaycanın ərazi bütövlüyünü və sülh gündəliyini dəstəklədiyini dəfələrlə bəyan edib, tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycanın inkişaf strategiyaları ilə əlaqələndirmək barədə razılaşıblar.

Burada Azərbaycanın xarici siyasətinin ən ağıllı elementlərindən biri balans siyasətidir. Bakı özünü nə Qərbin forpostu, nə Rusiyanın müttəfiqi, nə də Çinin layihələrinin sadəcə tranzit ərazisi kimi təqdim edir. Azərbaycan hər bir güc mərkəzi ilə milli maraqlar əsasında ayrıca münasibət qurmağa çalışır”.

Elmir Mustafa

0