Azərbaycan - Qırğızıstan əlaqələri: “Yüksələn xətlə inkişaf edir”

SİYASƏT
11:02 / 31.07.2026
205

Azərbaycanla Qırğızıstan arasında münasibətlər son illərdə təkcə diplomatik təmaslarla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, nəqliyyat, ticarət, təhsil və mədəni-humanitar sahələrdə də yeni əməkdaşlıq istiqamətləri formalaşır. 

Türk dövlətləri arasında inteqrasiyanın güclənməsi fonunda iki ölkənin əlaqələrinin daha da dərinləşdirilməsi qarşılıqlı maraq doğurur. Ekspertlər hesab edirlər ki, mövcud siyasi dialoq və ortaq strateji baxışlar Azərbaycan-Qırğızıstan tərəfdaşlığının gələcəkdə daha genişmiqyaslı layihələrlə zənginləşməsi üçün əlverişli zəmin yaradır.

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Qırğızıstan arasında strateji münasibətlər daha da dərinləşib: 

406046

“İki ölkə arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 93 faiz artaraq 40 milyon dollardan 77,2 milyon dollara yüksəlib. Ümumilikdə isə son beş ildə bu göstərici 13 dəfədən çox artıb. Bu, strateji tərəfdaşlığın dərinləşməsinin iqtisadi əməkdaşlığa müsbət təsir göstərdiyini nümayiş etdirir. Bu göstərici iki ölkə arasında əməkdaşlığın rekord nəticələrindən biri kimi qiymətləndirilə bilər”.

Millət vəkili bildirib ki, ölkələr arasında münasibətlərin inkişafı strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradır: 

“Cənab Prezidentin Qırğızıstana səfəri ikitərəfli əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcək. Bu səfər Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıqda yeni mərhələnin başlanmasına xidmət edəcək. Növbəti mərhələdə isə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir”.

Günel Cəlilova

0