Prezidentin Qırğızıstan səfərinin ƏHƏMİYYƏTİ

SİYASƏT
13:05 / 31.07.2026
350

“Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycanın Türk dünyasında artan nüfuzunun və strateji mövqeyinin növbəti təsdiqidir”.

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, dövlət başçısının Çolpon-Atada yüksək dövlət protokoluna uyğun, xüsusi təntənə ilə qarşılanması təkcə diplomatik etiket deyil, Azərbaycanın beynəlxalq mövqeyinə və Prezident İlham Əliyevin liderliyinə verilən yüksək siyasi qiymətin ifadəsidir:


“Bu, eyni zamanda, Bakı ilə Bişkek arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirən mühüm mesajdır. Səfərin ən yaddaqalan məqamlarından biri Prezident İlham Əliyevin Qırğızıstanın ən ali dövlət mükafatı ilə təltif olunması oldu. 

Belə ali təltiflər dövlətlər arasında etimadın, liderlər arasında qarşılıqlı hörmətin və uzunmüddətli strateji tərəfdaşlığın göstəricisidir. Bu mükafat həm də Prezident İlham Əliyevin Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, ortaq dəyərlərin qorunması və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətə verilən yüksək qiymətdir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri fərqləndirən əsas xüsusiyyət siyasi maraqlardan daha çox ortaq tarixi köklərə, mədəni irsə və mənəvi dəyərlərə söykənməsidir:
“Məhz buna görə iki ölkə arasında əməkdaşlıq formal diplomatik çərçivəni aşaraq həqiqi qardaşlıq münasibətlərinə çevrilib. Son illərdə iqtisadi əlaqələrin genişlənməsi, Birgə İnvestisiya Fondunun fəaliyyəti, nəqliyyat, ticarət və humanitar sahələrdə həyata keçirilən layihələr bu münasibətlərin praktik nəticələr verdiyini göstərir”.

Deputat vurğulayıb ki, bu qardaşlığın ən parlaq nümunəsi isə Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstəkdir: 
“İşğaldan azad olunmuş Ağdam rayonunun Xıdırlı kəndində inşa edilən “Ayköl Manas” adına məktəb yalnız təhsil ocağı deyil, Türk dünyasının həmrəyliyinin rəmzidir. Bu layihə göstərir ki, Qırğızıstan Azərbaycanın tarixi Zəfərini və Qarabağın dirçəldilməsi prosesini öz uğuru kimi qəbul edir. Bu dəstək təkcə maliyyə yardımı deyil, həm də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verilən siyasi və mənəvi dəstəyin ifadəsidir.

Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan yeni əməkdaşlıq modeli artıq konkret nəticələr verir. Orta Dəhlizin inkişafı, nəqliyyat marşrutlarının genişlənməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi və ortaq investisiya layihələri türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır. Azərbaycan bu prosesdə təşəbbüskar və aparıcı dövlətlərdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin yürütdüyü ardıcıl siyasət nəticəsində ölkəmiz Türk dünyasının siyasi və iqtisadi əməkdaşlığında əsas söz sahibinə çevrilib”.

Elnarə Akimova diqqətə çatdırıb ki, Prezidentin Qırğızıstana dövlət səfəri Azərbaycanın qazandığı beynəlxalq nüfuzun təsadüfi olmadığını bir daha göstərdi:
“Bu nüfuz etibarlı tərəfdaşlıq, müstəqil siyasət, verilən sözə sadiqlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. Məhz buna görə Azərbaycan bu gün dostlarının etimadını qazanan, təşəbbüsləri dəstəklənən və regionun gələcəyini müəyyənləşdirən əsas dövlətlərdən biridir.

Prezident İlham Əliyevin Qırğızıstana səfəri onu da nümayiş etdirdi ki, Türk dünyasında birlik artıq yalnız ortaq tarix və mədəniyyət anlayışı ilə məhdudlaşmır. Bu birlik konkret layihələrdə, qarşılıqlı dəstəkdə, siyasi həmrəylikdə və ortaq gələcək naminə atılan addımlarda öz real təcəssümünü tapır. Azərbaycan və Qırğızıstan münasibətləri də məhz bu strateji baxışın ən uğurlu nümunələrindən biri kimi yeni mərhələyə qədəm qoyur”.

Elmir Mustafa

0